N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Alimlər kosmik şüalar vasitəsilə qədim mayya məbədini qazıntı aparmadan tədqiq edəcəklər

22-dekabr-2025
Türkan Nəbi
Alimlər kosmik şüalar vasitəsilə qədim mayya məbədini qazıntı aparmadan tədqiq edəcəklər
Yazı Ölçüsü:

Alimlər Çiçen-İtsada yerləşən qədim mayya məbədi "El Kastilyo"nun gizli sirlərini üzə çıxarmaq üçün kosmik şüa hissəciklərindən istifadə etməyə hazırlanırlar. “PostMedia”nın məlumatına görə, "Interesting Engineering" yazır ki, bu məbəd Mezoamerika mədəniyyətinin ən məşhur memarlıq abidələrindən biridir.
"Kukulkan məbədi" kimi də tanınan bu tikili təxminən eramızın 700–1300-cü illərində inşa edilib. Məbəd öz mürəkkəb memarlığı və astronomik əhəmiyyəti sayəsində "Dünyanın yeni yeddi möcüzəsi"ndən biri hesab olunur.
Arxeoloqlar uzun müddətdir ki, piramidanın daxilində əvvəllər məlum olmayan gizli otaqların və konstruksiyaların ola biləcəyindən şübhələnirlər. Lakin əhəngdaşı bloklarının sıxlığı və abidəyə zərər yetirmə riski səbəbindən ənənəvi tədqiqat metodlarını tətbiq etmək olduqca çətindir. Daha dərindən araşdırma aparmaq üçün beynəlxalq komanda müoqrafiya metodundan istifadə etməyi planlaşdırır. Bu, daş divarların içindən keçən təbii kosmik hissəciklərin qeydə alınmasına əsaslanan müasir təsvirləmə texnologiyasıdır. Bu üsul abidəyə heç bir zərər vermədən onun daxili sıxlığını və gizli boşluqlarını öyrənməyə imkan verəcək.
Bu metod atmosferin yuxarı qatlarında kosmik şüaların təsiri ilə yaranan müonlardan (kiçik hissəciklər) istifadə edir. Müonlar sıx daşın içindən keçmək qabiliyyətinə malikdir. Maddənin içindən keçən hissəciklərin sayındakı fərqlər tikilinin daxilindəki sıxlıq və boşluqlar haqqında məlumat verir. Alimlər bu məlumatları təhlil edərək piramidanın daxili strukturunun — o cümlədən gizli otaqların və dəhlizlərin üçölçülü (3D) xəritəsini hazırlaya biləcəklər.
Daha əvvəl eyni yanaşma digər qədim abidələrin tədqiqində tətbiq olunub və bu qeyri-invaziv (müdaxiləsiz) metodologiyanın effektivliyi sübuta yetirilib. Əgər hazırkı layihə uğurla nəticələnərsə, bu, təkcə Mayya deyil, həm də digər mədəniyyətlərin qədim memarlıq abidələrinin öyrənilməsində yeni bir mərhələ olacaq. Çünki müoqrafiya qazıntı aparmadan və obyektin strukturuna müdaxilə etmədən daxili məkanların detallı təsvirini almağa imkan verir.
Layihə rəhbərlərinin sözlərinə görə, əldə olunacaq nəticələr "El Kastilyo"nun quruluşu və təyinatı haqqında təsəvvürləri kökündən dəyişə bilər, həmçinin Mayya sivilizasiyasının demoqrafik, dini və mühəndislik sirlərinə işıq sala bilər.

Kateqoriyalar