İsti havalarda dəri daha çox yükə məruz qalır. Tərləmə artır, dəri asanlıqla susuzlaşır, daha tez qıcıqlanır, günəşin ultrabənövşəyi (UV) şüaları isə günəş yanığına, piqment ləkələrinin yaranmasına, bəzi dəri xəstəliklərinin kəskinləşməsinə və dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.
İsti havada dərini necə qorumaq olar?
İlk və ən vacib addım günəşdən qoruyucu vasitələrdən istifadə etməkdir. Günəş kremi yalnız çimərlikdə və ya istirahət zamanı deyil, şəhərdə işə gedərkən, gəzinti zamanı, avtomobildə və ya açıq havada hər hansı fəaliyyət zamanı da istifadə olunmalıdır.
Günəş şüalarının birbaşa təsirindən mümkün qədər qorunmaq vacibdir. Adətən saat 11:00–17:00 aralığında günəş şüalarının təsiri daha güclü olur. Bu saatlarda kölgədə qalmaq, enli kənarlı papaq, gün eynəyi, açıq rəngli və rahat geyimlərdən istifadə etmək tövsiyə olunur.
Xüsusi diqqət uşaqlara, açıq dəri rənginə malik şəxslərə, piqment ləkələrinə meyilli insanlara, həmçinin vitiliqo, rozasea, akne, atopik dermatit və digər xroniki dəri xəstəlikləri olan pasiyentlərə göstərilməlidir.
İsti havalarda bir çox insan dərisinin daha "təmiz" olacağını düşünərək daha tez-tez yuyunur və ya güclü təmizləyici vasitələrdən istifadə edir.
Lakin aqressiv yuyucu vasitələr, spirt tərkibli losyonlar və skrablar dərinin qoruyucu təbəqəsini zədələyə, quruluq, qızartı, qaşınma və qıcıqlanmaya səbəb ola bilər.
Üzün gündə 1–2 dəfə yumşaq təmizləyici vasitə ilə yuyulması tövsiyə edilir.
Yağlı dəriyə sahib olanlar dərini güclə "qurutmağa" çalışmamalıdır. Bu, əks təsir göstərə, dərini qıcıqlandıra və piy ifrazının daha da artmasına səbəb ola bilər.
Nəmləndirici vasitələr yay aylarında da vacibdir. Bir çoxları isti havada, xüsusilə də yağlı dəriyə sahib olduqları halda nəmləndirici kremə ehtiyac olmadığını düşünür. Halbuki günəş, tərləmə, kondisioner, hovuzdakı xlor və dəniz duzu dərinin susuzlaşmasına səbəb ola bilər.
Tərlədikdən sonra dərini uzun müddət nəm vəziyyətdə saxlamaq olmaz. Tər, isti hava, dar və sintetik geyimlər isilik, follikulit, göbələk infeksiyaları, sürtünmədən yaranan qıcıqlanma və qaşınma riskini artırır.
İsti havalarda dərini qalın makiyaj, ağır tonal kremlər və yağlı kremlərlə yükləmək də tövsiyə edilmir. Bu vasitələr məsamələri bağlaya, qıcıqlanmanı artıra, akne və digər dəri problemlərini kəskinləşdirə bilər.
Yay aylarında dərinin əsas ehtiyacı üç şeydir: yumşaq təmizləmə, yüngül nəmləndirmə və günəşdən etibarlı qorunma.