İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak edəcək və ya respublikaya zərbələrin endirilməsinə kömək göstərəcək ölkələr İran Silahlı Qüvvələrinin "qanuni hədəflərinə" çevrilə bilər.
"PostMedia"nın məlumatına görə, Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib ki, Tehran özünümüdafiə hüququ çərçivəsində tədbirlər görmək hüququnu özündə saxlayır və "İrana qarşı təcavüzdə" iştirak edən tərəfləri beynəlxalq məsuliyyətə cəlb edəcək.
İranın xarici işlər naziri ŞƏT ölkələrini diplomatiyanı dəstəkləməyə və dövlətlərin suverenliyinin qorunmasının tərəfdarı olmağa çağırıb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Atəşkəslə bağlı müvəqqəti razılaşmadan sonra Vaşinqton iyul ayında Tehranın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı əldə olunmuş razılaşmaları pozduğunu əsas gətirərək İrana qarşı zərbələri yenidən bərpa edib.