6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ Ermənistanda sərmayələri olan rusiyalı investoru TRIPP Fondunun rəhbəri təyin edib

15-iyul-2026, 14:47
ABŞ Ermənistanda sərmayələri olan rusiyalı investoru TRIPP Fondunun rəhbəri təyin edib
Yazı Ölçüsü:

Rusiyada anadan olmuş, Çikaqoda yaşayan özəl kapital investoru Konstantin Sokolov ABŞ Dövlət Departamentinin yeni yaradılmış TRIPP Sahibkarlıq Fondunun prezidenti təyin edilib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, fond Mərkəzi Asiyada ticarət dəhlizinin inkişafı üçün ayrılmış 200 milyon dollardan çox vəsaitin idarə edilməsinə cavabdeh olacaq. ABŞ Dövlət Departamenti təyinatı təsdiqləyib.

Fondun vəsaiti nəqliyyat, enerji infrastrukturu və strateji əhəmiyyətli faydalı qazıntılar sahələrində investisiyalara yönəldiləcək.

Nəşrin məlumatına görə, Sokolov Donald Trampın təşəbbüsü ilə "Ağ Ev"də inşa ediləcək "bal zalı" layihəsinə ianə edən 36 donor sırasında yer alıb. Trampın sözlərinə görə, həmin layihə üçün ümumilikdə 350 milyon dollardan çox vəsait toplanıb.

"Public Citizen" təşkilatının araşdırmasına əsasən, korporativ donorların üçdə ikisi sonradan dövlət müqavilələri əldə edib, bəzi fərdi donorlar isə yüksək dövlət və məsləhətçi vəzifələrinə təyin olunublar. Onların arasında İspaniyada ABŞ səfiri təyin olunan səhiyyə maqnatı Benjamin Leon Jr. və Trampın enerji siyasətinin hazırlanmasında iştirak edən neft maqnatı Harold Hamm da var.

Konstantin Sokolov da həmin layihənin donorları arasında dövlət vəzifəsinə gətirilən son şəxs olub. Onun ianəsinin məbləği açıqlanmayıb. O, bundan əvvəl heç vaxt dövlət vəzifəsində çalışmayıb.

Məlumata görə, Trampın ikinci prezidentlik dövründə Sokolov Respublikaçılar Partiyasına və ona bağlı siyasi təşkilatlara 12 milyon dollardan çox ianə edib. Bunun 11 milyon dolları "MAGA Inc." Super PAC-ına, 443 min dolları isə Respublikaçılar Partiyasının Milli Komitəsinə yönəldilib. Daha əvvəl isə o, 2008-ci ildə Barak Obamanın seçki kampaniyasına 3600 dollar ianə etmişdi.

Sokolov The Guardian qəzetinə müsahibə verməkdən və təyinatı ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Ağ Ev isə bütün sorğuları Dövlət Departamentinə yönləndirib.

Sokolovun təsisçisi və prezidenti olduğu "Tripp+ Enterprises" fondu adını Ermənistanın cənubundan və Azərbaycan ərazisindən keçməsi nəzərdə tutulan, təxminən 43 kilometrlik ticarət marşrutu layihəsi olan "Trump Route International Peace and Prosperity (TRIPP)" təşəbbüsündən götürüb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, 201 milyon dollarlıq fond Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda özəl sektorun strateji inkişafını dəstəkləmək məqsədilə kreditlər, pay investisiyaları və qrantlar təqdim etmək səlahiyyətinə malikdir.

Nəşr yazır ki, ABŞ vitse-prezidenti Cey Di Vens fevral ayında İrəvana səfəri zamanı TRIPP fondunu "tarixi transformasiyanın bir hissəsi" adlandıraraq, layihənin ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar yaradacağını bildirib.

May ayının sonunda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iqtisadiyyat və təhlükəsizlik sahəsində TRIPP sazişini imzalayıblar. Mirzoyan bunun Ermənistan və ABŞ arasında iqtisadi əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacağını bəyan edib.

The Guardian qeyd edir ki, Sokolovun və ya ABŞ-nin fondun fəaliyyətindən hər hansı maliyyə faydası əldə edib-etməyəcəyi və onun bu vəzifəyə görə maaş alıb-almayacağı hələ məlum deyil.

Məqalədə vurğulanır ki, Konstantin Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan **"Viva Armenia"**nın iri səhmdarlarından biridir. O, həmçinin Avropa ilə Afrika arasında sualtı enerji və optik kabel layihəsini həyata keçirən "Northern Pillar Energy Consortium konsorsium"unda rəhbər vəzifələr tutur, "Pelagos Data Centres" şirkətinin sədridir.

Bundan əlavə, o, Çikaqoda yerləşən "IJS Investments" investisiya şirkətinin və İsveçrənin "Gotthard Investment AG" şirkətinin təsisçisidir. Hər iki şirkət enerji, telekommunikasiya, maliyyə xidmətləri və daşınmaz əmlak sahələrində fəaliyyət göstərir.

Dövlət Departamenti bildirib ki, fond illik hesabatların hazırlanması, müstəqil audit, qrantların ayrılması və maraqlar toqquşmasının qarşısının alınması da daxil olmaqla bütün qanunvericilik tələblərinə əməl edəcək.

Sokolov 20 ildən artıqdır ki, beynəlxalq infrastruktur və telekommunikasiya layihələrinə sərmayə yatırır, həmçinin hökumətlərə və iri şirkətlərə strateji məsləhətlər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş rəhbərlərindən biri bildirib ki, daha əvvəl də iri siyasi donorlar ABŞ-nin sahibkarlıq fondlarına rəhbərlik ediblər. Nümunə kimi, prezident Bill Klinton tərəfindən Albaniya-Amerika Sahibkarlıq Fondunun rəhbəri təyin edilən investor Maykl Qranov göstərilib.

"The Guardian" yazır ki, ötən ilin avqustunda "Ağ Ev"in vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra Tramp administrasiyası Ermənistanla münasibətləri dərinləşdirmək istiqamətində görünməmiş addımlar atıb. ABŞ Ermənistanın nüvə energetikasının inkişafı üçün 9 milyard dollar ayırıb, həmçinin Ermənistana 11 milyon dollar dəyərində Amerika istehsalı olan kəşfiyyat pilotsuz uçuş aparatları satıb. Nəşr bunu ABŞ-nin Ermənistana ilk hərbi texnologiya tədarükü kimi qiymətləndirir.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) isə "Tripp Development Company" adlı yeni şirkət yaratmağı planlaşdırır. Bu şirkət Ermənistanı Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizi boyunca dəmir yolu və digər infrastruktur layihələrini həyata keçirəcək.

Nəşrin qənaətinə görə, Konstantin Sokolovun TRIPP Fonduna rəhbər təyin olunması ABŞ-nin Qərbi Asiyanı Avropa ilə birləşdirəcək strateji nəqliyyat dəhlizinin inkişafını dəstəkləmək niyyətinin növbəti göstəricisidir.

1989-cu ildən bəri ABŞ ümumilikdə 13 sahibkarlıq fonduna rəhbərlik edib. Soyuq müharibədən sonra Konqres əvvəlcə Macarıstan və Polşaya investisiyalar üçün 300 milyon dollar ayırıb, daha sonra isə Şərqi Avropanın digər ölkələri üçün də analoji fondların yaradılmasına icazə verib. TRIPP Fondu da həmin qanunvericilik çərçivəsində yaradılıb.

Tramp administrasiyası eyni zamanda Konqresdən bu cür fondların dünyanın istənilən ölkəsində yaradılmasına imkan verəcək səlahiyyətlərin genişləndirilməsini istəyib. Bu təşəbbüs 2027-ci il büdcə layihəsində də əksini tapıb.

Bundan başqa, TRIPP Fondunun maliyyələşdirilməsinin artırılması da nəzərdən keçirilir. Aprel ayında Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi Ceremi Levin Xarici Əlaqələr Şurasında (CFR) çıxışı zamanı fond üçün əlavə 400 milyon dollar ayrıldığını bildirib.

"Bu, xüsusilə iqtisadi investisiyalar sahəsində ABŞ-nin xarici yardım siyasətini necə yenidən formalaşdırmağa çalışdığının pilot nümunələrindən biridir", – deyə Levin bildirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031