ABŞ Prezidenti Donald Trampın oğlu Erik Trampın həmtəsisçilərindən olduğu "American Bitcoin Corp." şirkəti bazar dəyərinin zirvə nöqtəsindən bəri 95%-dən çox dəyər itirib. Nəticədə Erik Trampa məxsus səhmlərin bazar dəyəri 600 milyon dollardan çox azalıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"American Bitcoin" şirkətinin səhmləri pik göstəricisi ilə müqayisədə 95%-dən çox ucuzlaşıb. Son 10 ay ərzində Erik Trampın səhmlərinin bazar dəyəri 600 milyon dollardan çox azalıb", – deyə məlumatda bildirilir.
Erik Tramp "American Bitcoin" şirkətinin təxminən 6%-nə sahibdir və burada strategiya direktoru vəzifəsini tutur. Bitkoinin qiymətinin enməsi fonunda investorlar infrastrukturunu süni intellekt üçün məlumat emalı mərkəzlərinə yönəltmiş mayninq şirkətlərinə üstünlük verməyə başlayıblar.
Buna baxmayaraq, "American Bitcoin" bitkoinin hasilatı və alınmasına investisiya qoymağa davam edib. Lakin səhmlərin kəskin ucuzlaşmasından sonra şirkət qiymətli kağızlarının "Nasdaq" birjasından çıxarılmasının qarşısını almaq üçün onların strukturunu dəyişməyə məcbur olub.
Məqalədə qeyd olunur ki, şirkət birinci rübdə bitkoin ehtiyatlarının 117,2 milyon dollar məbləğində yenidən qiymətləndirilməsindən sonra 118,2 milyon dollar əməliyyat zərəri açıqlayıb.
"American Bitcoin" əvvəlcə süni intellekt infrastrukturlarının inkişafına yönəlmiş "American Data Centers" layihəsi əsasında yaradılmışdı. Lakin cəmi bir ay sonra şirkət strategiyasını dəyişərək fəaliyyətini bitkoin mayninqi və onun yığılması üzərində cəmləşdirib.