ABŞ administrasiyasından dövlət dəstəyi çərçivəsində milyardlarla dollar alan Amerika şirkətləri, "Ağ Ev"in öz daxili təchizat zəncirini formalaşdırmaq səylərinə baxmayaraq, nadir torpaq metalları və onlardan hazırlanan məhsulları Yaponiya və Cənubi Koreyaya satır.
"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "MP Materials", "Energy Fuels" və "Phoenix Tailings" şirkətlərinin istehsal etdiyi nadir torpaq elementlərindən hazırlanan məhsullar Asiya şirkətlərinə satılır. Bunun əsas səbəbi Asiyada, xüsusilə də maqnit istehsalı sahəsində, həm tələbatın, həm də istehsal həcminin ABŞ-la müqayisədə xeyli yüksək olmasıdır. Ekspertlər bildirirlər ki, ABŞ-da bu sahə üzrə daxili tələbat hələ lazımi səviyyədə formalaşmayıb.
Phoenix Tailings şirkətinin rəhbəri Nik Mayersin sözlərinə görə, yapon müştərilər 2026-cı ildə Çindən bu materialların ixracının kəskin azalacağını nəzərə alaraq, şirkətin məhsullarını əldə etməyə böyük maraq göstərirlər. O bildirib ki, startapın müştərilərinin əksəriyyəti Cənubi Koreya və Yaponiyada yerləşir.
Nəşrin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) maliyyələşdirdiyi IQT vençur şirkətinin dəstəklədiyi Phoenix Tailings istehsal gücünü artırır. Lakin şirkət hələ böyük istehsalçı hesab edilmir və satış həcmlərini açıqlamır. Mayers qeyd edib ki, ABŞ-ın müdafiə sənayesi podratçıları daha operativ hərəkət etməlidirlər. O vaxta qədər isə şirkət məhsullarını “digər alıcıların daha tez və daha çox pul ödədiyi bazarlarda” satmağı planlaşdırır.
İyun ayında 725 milyon dollar həcmində dövlət maliyyəsi alan Energy Fuels şirkəti də nadir torpaq elementlərinin istehsalını artırmağı və Asiya bazarına yönəlməyi planlaşdırır. Şirkətin baş direktoru Ross Bhappunun sözlərinə görə, “yaxın gələcəkdə biz oksidləri Cənubi Koreyaya tədarük edəcəyik.”