Avstriyalı mədəniyyət xadimləri yazıçı Stefan Sveyqin 1934-cü ilə qədər yaşadığı villanı almaq üçün kampaniyaya başlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Təşəbbüs villanın hazırkı sahibi, avtomobil sənayesi maqnatı Volfqanq Porşenin şəxsi avtomobil kolleksiyası üçün tunel tikintisi planları ətrafında yaranan qalmaqaldan sonra mülkü gözlənilmədən satışa çıxarmasının ardınca irəli sürülüb.
Yəhudi əsilli avstriyalı yazıçı Stefan Sveyq — əsərləri rejissor Ues Andersona Qrand Budapeşt Oteli filmini yaratmaq üçün ilham verən müəllif — bu XVII əsrə aid villada 1934-cü ilə qədər yaşayıb. O, avstrofaşist rejimin təqibləri səbəbindən Zalsburq şəhərini tərk etməyə məcbur olub. Sveyqin ailəsi evi bazar dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur qalıb.
"Villa Europa" adı ilə tanınan bu malikanə yazıçının sağlığında təkcə onun bir çox əsərlərini qələmə aldığı məkan deyil, həm də mühüm mədəniyyət mərkəzi olub. Burada Ceyms Coys, Tomas Mann və Rixard Ştraus kimi görkəmli mədəniyyət xadimləri qonaq olublar.
Volfqanq Porşe villanı 2020-ci ildə 8,4 milyon avroya alıb. Bərpa işləri başa çatdıqdan sonra isə onu 12,7 milyon avroya satışa çıxarıb.
Bundan əvvəl Porşenin Kaputsinerberq təpəsi altından 500 metrlik şəxsi tunel tikərək avtomobil kolleksiyasını evinə çatdırmaq planları geniş ictimai rezonans doğurmuşdu.
Federal və yerli hakimiyyət orqanlarına ünvanlanan villanın alınması ilə bağlı petisiyanı artıq bir neçə min nəfər, o cümlədən tanınmış müğənnilər, bəstəkarlar və yazıçılar imzalayıb.
Müraciət müəllifləri villanın alınmasını “gələcək nəsillər qarşısında mədəni məsuliyyət” və “bu unikal məkanı ictimaiyyət üçün açıq saxlamaq, onun Avstriya və Avropa mədəniyyət tarixindəki əhəmiyyətini qorumaq imkanı” kimi qiymətləndirirlər.
Zalsburq Universitetinin rektoru Bernhard Fügenschuh bildirib ki, Avstriya bu villanı Stefan Sveyqin xatirəsinə həsr olunmuş memorial kimi qorumaq baxımından mənəvi məsuliyyət daşıyır.
O vurğulayıb ki, yekun satınalma üçün maliyyə təmin edilənədək universitet binanın müvəqqəti sahibi olmağa hazırdır.
“Burada ciddi ictimai məsuliyyət mövcuddur. Biz bu məsuliyyəti öz üzərimizə götürmək qərarına gəldik, çünki anlayırıq ki, bu fürsət çox qısa müddət ərzində əldən çıxa bilər”, – deyə Fügenschuh bildirib.
Onun sözlərinə görə, Porşenin villanı satışa çıxarmaq qərarı Zalsburqa bu tarixi obyekti əldə etmək üçün nadir imkan yaradıb. Çünki şəhərin əvvəlki cəhdləri uğursuz olmuşdu. Hazırda universitet layihənin təsdiqlənməsi üçün Avstriyanın Qadınlar, Elm və Tədqiqat üzrə Federal Nazirliyi ilə məsləhətləşmələr aparır.
Kaputsinerberq təpəsinin altından tunel tikintisinə verilmiş icazə mülkün dəyərinə daxildir. Lakin yeni sahibi bu icazədən yalnız 2028-ci ilin sonunadək istifadə edə biləcək.
Stefan Sveyq özü bu evi “romantik və qeyri-praktik” adlandırırdı. Onun fikrincə, villanın ən böyük üstünlüklərindən biri “avtomobillər üçün əlçatmaz olması” idi. Evə yalnız Kaputsinerberq təpəsinə aparan yüzdən artıq pilləni qalxmaqla çatmaq mümkün idi.


