İspaniya futbol üzrə 2026-cı il dünya çempionatının qalibi olub.
"PostMedia" xəbər verir ki, final görüşündə ispanlar son dünya çempionu Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub ediblər.
ABŞ-ın Nyu-Cersi ştatındakı stadionda keçirilən həlledici qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. İspaniya topa nəzarətdə və qol epizodlarında üstün olsa da, Argentina müdafiədə inamlı çıxış edib.
Matçın taleyini əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torres həll edib. Nico Uilyamsın başla ötürməsindən sonra Torres dəqiq zərbə ilə komandasına qələbə qazandırıb.
Argentina əsas vaxtın sonlarında Enso Fernandesin ikinci sarı vərəqədən qırmızı vərəqə alması səbəbindən oyunu 10 nəfərlə davam etdirib. Görüş başa çatdıqdan sonra isə Leandro Paredes də qırmızı vərəqə ilə cəzalandırılıb.
Statistikaya görə, İspaniya oyun ərzində rəqibindən xeyli üstün olub. İspanlar 20 zərbə endirdiyi halda, Argentina cəmi iki dəfə qapıya zərbə vurub və ilk təhlükəli epizodunu yalnız matçın son dəqiqələrində yaradıb.
Beləliklə, İspaniya tarixində ikinci dəfə dünya çempionu adını qazanıb. Komanda 2010-cu ildə əldə etdiyi uğurdan sonra yenidən planetin ən güclüsü olub və iki il əvvəl qazandığı Avropa çempionluğunu dünya çempionluğu ilə tamamlayıb.