Zelenskinin Roma Papasının dəfninə kostyum geyinməməsi Rusiya KİV-lərinin diqqətini çəkib
"PostMedia" xəbər verir ki, Rusiyanın Tass agentliyi Zelinskinin Roma Papasının dəfnində kostyum geyinməməsi barədə xəbər yayıb: "Vladimir Zelenski hətta Roma Papası I Fransiskonun dəfn mərasiminə gələndə kostyum geyinməyib. İtaliya KİV-lərinin yaydığı kadrlarda onun qara rəngli gödəkçə və köynək geyindiyi görünür. Onun boynunda qalstuk da yoxdur" - deyə agentlik qeyd edib.
Beynəlxalq media orqanları - Reuters, The Washington Post, Financial Times, Vogue və digərləri də dəfn mərasimini işıqlandırıb. Lakin onlardan heç biri Prezident Zelenskinin konkret geyimi haqqında ətraflı məlumat veriməyib.
Əsas diqqət mərasimin ümumi atmosferinə və iştirak edən liderlərin verdiyi mesajlara yönəlib.
Məsələn, Vogue yazıb ki, mərasimdə iştirak edənlər ənənəvi yas geyimlərinə riayət ediblər: kardinallar qırmızı, din xadimləri ağ, rəsmi şəxslər isə tünd rəngli geyimlərdə olublar.
Qeyd edək ki, dəfn mərasimində mülki iştirakçılar üçün sərt protokol qaydaları mövcud olmayıb, sadəcə tünd rəngli geyimlərin geyinilməsi nəzərdə tutulub.
Zelenski Rusiya ilə müharibənin başlanmasından bəri daim hərbi stildə geyinir və bu üslubu rəsmi görüşlərdə də dəyişmir.