Kolumbiya Prezidenti Abelardo de la Espriella ölkədə təxminən 10 ildir qüvvədə olan, ictimai yerlərdə qeydiyyatdan keçmiş odlu silahların daşınmasına tətbiq edilən məhdudiyyəti ləğv edən fərman imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
"Cinayətkarların dişlərinə qədər silahlanması, qanuna tabe olan insanların isə özlərini müdafiə edə bilməməsi yanlışdır", - deyə prezident bildirib. O, bununla da seçki kampaniyası zamanı cinayətkarlığa qarşı sərt siyasət yürütmək barədə verdiyi vədi xatırladıb.
Məhdudiyyət 2015-ci ilin dekabrında o zamankı Prezident Xuan Manuel Santos tərəfindən tətbiq edilmişdi. Əvvəlcə tədbirin Milad və Yeni il bayramları dövründə müvəqqəti qüvvədə olması nəzərdə tutulsa da, sonradan Santos və onun iki varisi - mühafizəkar İvan Duke və sol siyasətçi Qustavo Petro tərəfindən hər il uzadılıb.
Yeni fərman imzalanana qədər hətta silah gəzdirmək üçün qüvvədə olan icazəsi olan şəxslər də hakimiyyət orqanlarının əlavə icazəsi olmadan silahı evdən kənara çıxara bilmirdilər.
İndi qeydiyyatdan keçmiş silahı əsas icazə qüvvədə olduğu müddətdə əlavə icazə almadan gəzdirmək mümkün olacaq. İspaniyanın "El País" qəzetinin məlumatına görə, dəyişiklik təxminən 700 min icazə sahibinə şamil olunacaq.
Bununla belə, de la Espriella vurğulayıb ki, fərman silahların sərbəst şəkildə gəzdirməsinə icazə vermir və onların əldə edilməsi və saxlanılması ilə bağlı sərt tələbləri aradan qaldırmır.
"Yaşıl Alyans" partiyasının senatoru Ariel Avila qərarı "ciddi səhv" adlandırıb. Onun fikrincə, qanuni şəkildə qeydiyyata alınmış silahlar sonda cinayətkarların əlinə keçə bilər. Senator həmçinin bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək və silah tətbiq etmək hüququ yalnız dövlətin güc strukturlarına məxsus olmalıdır.
De la Espriella cinayətkarlığın artacağı ilə bağlı narahatlıqları rədd edib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları qanunsuz silahlara qarşı mübarizəni davam etdirir və ilin əvvəlindən indiyədək 15 mindən çox silah müsadirə edilib. Prezidentin iddiasına görə, onların əksəriyyəti FARC-dan ayrılmış silahlı qruplaşmaların və "Klan del Qolfo" cinayətkar qruplaşmasının üzvlərinə məxsus olub.
Fərmanı imzalayarkən de la Espriella seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirdiyini bildirib: "Kişinin sözü onun şərəfidir. Mənim şərəfim var və buna görə də sözümün üstündə dururam".