Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ölkələr ABŞ Prezidenti Donald Trampın "Amerikanı yenidən möhtəşəm edək" (MAGA) hərəkatı ilə əlaqələri kəsməlidir.
"PostMedia" xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib. "Euroactiv" yazır ki, o, bu çağırışı çərşənbə axşamı Brüsseldə Avropa Siyasi Araşdırmalar Mərkəzinin tədbirində səsləndirib.
"Biz gələcək üzvlərimizin uzunmüddətli maraqlarımıza zidd olan digər güclərdən asılılıq yaratmasına imkan verməməliyik", - deyə Kos bildirib.
Onun sözlərinə görə, Aİ-nin genişlənməsi tarixində ilk dəfə Birliyin "rəqibləri" var. Kosdan konkret olaraq kimi nəzərdə tutduğu soruşulduqda o, "Aydındır ki, Rusiya onlardan biridir" cavabını verib.
Avrokomissarın sözlərinə görə, Aİ həmçinin "Qərbdən təzyiq hiss edir". Onun fikrincə, "MAGA ideoloqları" avropalıları Avropa sivilizasiyası və iqtisadiyyatının tənəzzül etdiyi, Aİ-də demokratiyanın isə guya normalara uyğun olmadığına inandırmağa çalışırlar.
Kosun bu açıqlaması Tramp administrasiyasının Qərbi Balkan ölkələri ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək cəhdlərini intensivləşdirdiyi bir vaxtda səslənib. Həmin ölkələrin bir çoxu Aİ-yə üzv olmağa çalışır.
Tramp administrasiyası ötən il yayımladığı Milli Təhlükəsizlik Strategiyasında Aİ-ni "siyasi azadlığı və suverenliyi" zəiflətməkdə ittiham edib. Sənəddə, həmçinin alyansa üzv ölkələrdəki sağçı "vətənpərvər partiyalarla" əməkdaşlıq etməklə "Avropanın hazırkı kursuna" qarşı çıxmaq niyyətindən bəhs olunub.
Bununla yanaşı, Kos ABŞ və Çinin təsirini fərqləndirib. Onun fikrincə, Pekin ilk növbədə namizəd ölkələrlə iqtisadi əlaqələri gücləndirməyə çalışır və onların Aİ-yə üzvlüyündən sonra bundan faydalanmağa ümid edir.
"Çin namizəd ölkələrimizdə möhkəmlənir, oraya gəlir və həmin ölkələrin Aİ üzvü olmasını gözləyir. Çünki üzvlükdən sonra onun şirkətləri vahid bazarın bir hissəsinə çevriləcək", - deyə Kos bildirib.
Eyni zamanda, Kos qeyd edib ki, Rusiyadan fərqli olaraq, Çin hələlik regionda müqayisə edilə biləcək dezinformasiya kampaniyalarından istifadə etmir.
Son aylarda Qərbi Balkan ölkələrində ABŞ investisiyaları da əhəmiyyətli dərəcədə artıb. Tramp ilə əlaqəli "AAFS" şirkəti Bosniya və Herseqovinaya 2 milyard avrodan çox investisiya yatırmaq imkanını nəzərdən keçirir.
Serbiya ABŞ-la investisiya sahəsində müstəsna əməkdaşlıq haqqında sazişlər imzalayıb və "Cərdap-3" adlı yeni su elektrik stansiyasının yalnız ABŞ şirkətlərinin iştirakı ilə tikiləcəyinə ümid edir.
Albaniyada isə Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerlə əlaqələndirilən hotel-kurort layihəsinə qarşı etiraz aksiyaları keçirilir. Layihənin mühafizə olunan bataqlıq-sulu ərazidə həyata keçirilməsi planlaşdırılır.
Aİ-yə üzvlük üzrə namizəd ölkələrin liderlərindən biri hesab olunan Monteneqro da son aylarda ABŞ hakimiyyətinin diqqətini fəal şəkildə cəlb edir.