Fransa Prezidenti Emmanuel Makron Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə müraciət edərək 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edəcək ümumavropa qanununun hazırlanmasını xahiş edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Agence France-Presse" Fransa liderinin məktubuna istinadən məlumat yayıb.
Sənəddə Makron “Avropa İttifaqının bütün uşaqlarını qorumağa” çağırır və Avropa Komissiyasının mütəxəssislərinin bu prosesə fəal şəkildə cəlb olunacağına ümid etdiyini bildirir. Onun sözlərinə görə, artıq daha irəli getmək və yeni Avropa qanunu ilə vahid qaydalar müəyyənləşdirmək, Aİ-nin bütün ərazisində 15 yaşadək şəxslərin sosial şəbəkələrə girişini qadağan etmək zərurəti yaranıb.
“Vəziyyət gecikməyə imkan vermir”, – deyə Makron məktubunda vurğulayıb.
Fransa Prezidentinin fikrincə, yaşın yoxlanılması şəxsi məlumatların qorunmasını da təmin edəcək milli və Avropa səviyyəsində etibarlı vasitələrə əsaslanmalıdır. Bundan əlavə, Makron təklif edir ki, gələcək Avropa qanunu sosial şəbəkələrin asılılıq yaradan funksiyalarını aydın şəkildə məhdudlaşdırmağa imkan versin və təhlükəsizlik meyarlarını, o cümlədən platformalardan istifadə müddətinə məhdudiyyətləri əvvəlcədən tətbiq etsin.
Daha əvvəl Fransanın Konstitusiya Şurası Makronun təklif etdiyi qadağanın Avropa İttifaqının qanunvericiliyinə zidd olduğuna qərar vermişdi. Buna baxmayaraq, Makron bu qanunun 2027-ci ilin yazına qədər qəbul edilməsinə nail olmaq niyyətindədir.