Ukrayna hökuməti Rusiya və Belarusla, həmçinin Azərbaycanın da üzv olduğu Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bir sıra sazişlərin fəaliyyətinə xitam verilməsi ilə bağlı qanun layihəsini Ali Radaya təqdim edib.
"PostMedia" xəbər verir ki, bu barədə Ukrayna hökumətinin parlamentdəki nümayəndəsi Taras Melniçuk "Telegram" kanalında məlumat verib.
"Ukrayna hökuməti tərəfindən Ali Radada "Ukrayna hökuməti ilə Rusiya Federasiyası, Belarus Respublikası hökumətləri arasında və Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin fəaliyyətinə xitam verilməsi, onlardan çıxılması və denonsasiya edilməsi haqqında" qanun layihəsi qeydiyyata alınıb", - deyə məlumatda bildirilir.
Qanun layihəsi Ukraynanın Rusiya ilə 30 oktyabr 1997-ci il tarixində imzaladığı enerji resursları və parçalanan materiallar üzrə borcların qarşılıqlı hesablaşması haqqında sazişin, 22 dekabr 2000-ci il tarixli ehtiyat məqsədli Rusiya qazının tədarükü haqqında sazişin, həmçinin 21 iyun 2002-ci il tarixli Ukraynadakı atom elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün dövlət krediti ayrılması haqqında sazişin fəaliyyətinə xitam verilməsini nəzərdə tutur.
Kiyev, həmçinin Belarusla 21 may 2004-cü ildə imzalanmış azad ticarət rejiminə tətbiq olunan istisnaların mərhələli şəkildə ləğvi haqqında protokolun fəaliyyətinə xitam vermək niyyətindədir.
Bundan başqa, Ukrayna MDB çərçivəsində 27 mart 1997-ci il tarixli mineral-xammal ehtiyatları sahəsində əməkdaşlıq haqqında sazişdən, 4 aprel tarixli əmtəə nişanları və coğrafi göstəricilər haqqında sazişdən, 18 oktyabr 2011-ci il tarixli narkotik və psixotrop maddə nümunələrinin ötürülməsi haqqında sazişdən çıxmağı planlaşdırır.
Ukrayna, həmçinin 23 dekabr 1993-cü il tarixli istehsal kooperasiyası haqqında sazişi denonsasiya etmək niyyətindədir.
Qeyd edək ki, Ukrayna daha əvvəl MDB çərçivəsində 30 sazişdən çıxıb. Onların arasında vahid hava hücumundan müdafiə sistemi, deportasiya edilmiş şəxslərin hüquqlarının bərpası və mədəni sərvətlərin qaytarılması ilə bağlı sənədlər də olub.
Həmin dövrdə Kiyev, həmçinin 21 dekabr 1991-ci ildə MDB Dövlət Başçıları Şurasının qəbul etdiyi və Birliyin yaradılmasının əsaslarını müəyyən edən qərardan çıxıb.