ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində "The Washington Post" qəzetində dərc olunmuş və Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına lisenziya verilməsini təklif edən məqaləni paylaşıb.
"Tramp Ukraynaya öz Patriot raket istehsalını yaratmağa necə kömək edə bilər?" başlıqlı məqalənin müəllifi Amerika Sahibkarlıq İnstitutunun (AEI) baş elmi əməkdaşı Mark Tissen olub.
"PostMedia" xəbər verir ki, Tramp məqalənin keçidini heç bir şərh vermədən paylaşıb.
Məqalədə vurğulanır ki, Vaşinqtonun "Patriot" raketlərinin ciddi çatışmazlığı ilə üzləşdiyi bir vaxtda bu raketlərə təkcə Ukraynanın deyil, Yaxın Şərqdə təhdidlərin qarşısını almaq və ABŞ hərbi kontingentlərini qorumaq üçün Birləşmiş Ştatların özünün də ehtiyacı var.
Tissenin fikrincə, proses ABŞ kəşfiyyat xidmətlərinin "PAC-3 MSE" müasir ələkeçirici raketlərinin texnologiyalarının mümkün sızması ilə bağlı narahatlıqları səbəbindən dayanıb.
Müəllif kompromis variantı kimi Kiyevə daha sadə və ucuz modellərin istehsalına lisenziya verilməsini təklif edir. Söhbət yeni "PAC-3 ACE" modelindən və ya 1990-cı illərdən etibarən özünü doğrultmuş "PAC-2 GEM-T" raketindən gedə bilər.
Bundan əlavə, məqalə müəllifi Trampı Cənubi Koreyaya təzyiq göstərməyə və qış gələnədək Kiyevə M-SAM II hava hücumundan müdafiə sistemləri göndərməsinə nail olmağa çağırıb.