Vaşinqtonla Ər-Riyad arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verə bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" ("WSJ") ABŞ Konqresinə baxılması üçün göndərilən sənədin mətninə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, saziş Səudiyyə Ərəbistanına ölkə ərazisində uranı zənginləşdirmək üçün avtomatik icazə vermir. Lakin sənəddə bir neçə il ərzində zənginləşdirmə obyektinin fəaliyyətə başlamasına imkan verəcək bir sıra addımlar nəzərdə tutulur.
Sazişin şərtlərinə əsasən, iki il ərzində amerikalı və səudiyyəli rəsmilər uranın zənginləşdirilməsinin "iqtisadi məqsədəuyğunluğunu" araşdıracaq və nüvə silahlarının yayılması risklərinə qarşı müdafiə tədbirləri hazırlayacaqlar.
Tərəflər zənginləşdirmənin zəruri olduğu qənaətinə gələrsə, ABŞ şirkətləri xarici təchizatçıları ilə əməkdaşlıq çərçivəsində uranın 5%-dək zənginləşdirilməsinə imkan verən obyekt inşa edəcəklər. Qəzetin məlumatına görə, sonrakı mərhələdə bu göstərici 20%-ə qədər artırıla bilər.
Nəşr vurğulayır ki, sazişin mətnində Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması və İbrahim sazişlərinə qoşulması ilə bağlı tələb yer almır.
ABŞ Energetika Nazirliyi iyulun 22-də ABŞ və Səudiyyə Ərəbistanının Vaşinqtonun krallığın dinc nüvə proqramına dəstək verməsini nəzərdə tutan saziş imzaladığını açıqlayıb.
Sənəddə qeyd olunur ki, saziş bir neçə onillik üçün nəzərdə tutulub və "ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanında atom energetikasının inkişafı proqramında iştirak etməsi üçün geniş imkanlar açmağa" hesablanıb.
Lakin daha sonra ABŞ Prezidenti Donald Tramp sazişin təsdiqinin "tamamilə Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulmasından asılı olduğunu" bildirib.