ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Hörmüz boğazı ərazisində yerləşən İran obyektlərinə zərbələr endirdiyini açıqlayıb. O, əməliyyatın Tehranın strateji su yolunda dəniz minaları yerləşdirmək cəhdinə və İordaniyadakı ABŞ hərbi bazasına raket hücumuna cavab olduğunu bildirib.
"PostMedia" xəbə verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
ABŞ prezidentinin sözlərinə görə, zərbələr "iri və güclüdür". Tramp İranın Hörmüz boğazını minalamağa cəhd etdiyini, lakin minaların tamamilə zərərsizləşdirildiyini və ya məhv edildiyini iddia edib.
Bundan başqa, Tramp İranın İordaniyada yerləşən ABŞ hərbi bazasına doğru 8 raket buraxdığını, lakin onun sözlərinə görə, onların hamısının vurulduğunu açıqlayıb.
"ABŞ hazırda Hörmüz boğazı ərazisində yerləşən İran hədəflərinə zərbələr endirir. Zərbələr iri və güclüdür", – deyə Tramp yazıb.
O, ABŞ-ın əməliyyatını İranın addımlarına cavab adlandırıb və Tehrana mümkün cavab hücumunun nəticələri barədə xəbərdarlıq edib.
"Əgər uğursuz dövlət olan İran bu tamamilə əsaslandırılmış hücuma cavab versə, ona qarşı daha güclü və daha genişmiqyaslı zərbə endiriləcək", – deyə ABŞ prezidenti bildirib.
Eyni zamanda Tramp hazırkı əməliyyatın, onun sözlərinə görə, ABŞ-ın mümkün cavabının ən yüksək səviyyəsi olmadığını bildirib.
"Lakin bu hələ ən böyük hücum deyil. O, öz vaxtını gözləyir və başa çatdıqda İran İslam Respublikasından çox az şey qalacaq", – deyə o yazıb.
Trampın açıqlaması Hörmüz boğazı ətrafında vəziyyətin kəskin şəkildə gərginləşdiyi bir vaxtda səslənib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə zərbələr endirildiyini açıqlamışdı. Qurum əməliyyatın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və regionda yerləşən ABŞ hərbçilərinə qarşı son hücum cəhdləri ilə əlaqəli olduğunu bildirmişdi.