ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin bəyənilmə reytinqi 33%-ə düşüb. Bu, onun bütün siyasi karyerası ərzində qeydə alınan ən aşağı göstəricidir.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" və "Ipsos"un birgə keçirdiyi sorğunun nəticələri göstərir.
Qeyd olunub ki, bu, Trampın fəaliyyətini amerikalıların yalnız üçdə birinin dəstəklədiyini göstərən ardıcıl üçüncü sorğudur. Onun göstəricisi 2024-cü ilin oktyabrında qeydə alınan Co Baydenin ən aşağı reytinqindən (35%) də aşağıdır.
"Reuters"in məlumatına görə, amerikalıların narazılığı ilk növbədə iqtisadi vəziyyət və İrana qarşı müharibə ilə bağlıdır. Xüsusilə benzinin qiymətinin artması vətəndaşların inflyasiya ilə bağlı narahatlığını gücləndirib.
Bu fonda Tramp daha əvvəl "Truth Social" hesabında ABŞ prezidentlərinin öz reytinq siyahısını dərc etmişdi. O, özünü ayrıca "Ən böyüklər" kateqoriyasına daxil etmiş, ABŞ-ın böyük liderləri sırasında isə Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonun adlarını qeyd etmişdi.