Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin hazırda Polşaya birbaşa hücum etmək imkanı yoxdur və Moskvanın təhdidləri Varşavada ciddi narahatlıq yaratmır.
"PostMedia"nın məlumatına görə, İtaliyanın "Il Messaggero" nəşrinə müsahibəsində Sikorski deyib ki, Rusiya ən yaxşı halda təxribatlara əl ata bilər, lakin genişmiqyaslı işğal həyata keçirmək gücündə deyil.
Nazir qeyd edib ki, Rusiya uzun illərdir Donbası tam nəzarətə götürə bilməyib və onun hərbi nüfuzu ciddi şəkildə zəifləyib. “Əvvəllər Putinin dünyanın ikinci ən güclü ordusuna sahib olduğunu düşünürdük. Bu gün isə deyə bilərik ki, onun Ukraynadakı ikinci ordusu var”, – deyə Sikorski bildirib.
Onun sözlərinə görə, Ukraynanın müqaviməti həm Kiyevin, həm də Qərb müttəfiqlərinin gözləntiləri üstələdiyini göstərib. Sikorski bunu Qərbin birliyi və Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20 sanksiya paketi ilə əlaqələndirib.
Nazir həmçinin bildirib ki, Polşa Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıqlar alıb. The Telegraph qəzetinin ABŞ-ın yaxın aylarda Rusiyanın silahlı təxribat ehtimalı barədə Varşavanı xəbərdar etməsi ilə bağlı məlumatını şərh edən Sikorski bunun həqiqətə uyğun ola biləcəyini deyib.
Sikorski vurğulayıb ki, Polşa öz müdafiəsinə ciddi yanaşır, lakin Rusiyanın imkanları ilə bağlı əvvəlki narahatlıqlar xeyli azalıb. O əlavə edib ki, Polşa bu məsələdə tək deyil və güclü müttəfiqlərinin, o cümlədən İtaliyanın dəstəyinə arxalanır.