Ukrayna yaxın günlərdə ABŞ-dən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş yeni antiballistik raketlər paketi alacaq.
"PostMedia" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Zelenskinin sözlərinə görə, müvafiq razılaşmalar NATO-nun sammiti çərçivəsində əldə olunub. O qeyd edib ki, ABŞ tərəfindən göndəriləcək paketin tədarükü artıq yaxın günlərdə gözlənilir.
Bundan əlavə, Ukrayna Prezidenti bir sıra Avropa ölkələri ilə əldə olunmuş razılaşmalar barədə də məlumat verib. O bildirib ki, tədarüklərin dəqiq vaxtı hələ müəyyənləşdirilməsə də, Ukrayna "Patriot" sistemləri üçün əlavə "PAC-3" raketləri də alacaq.
Tutucu raketlərin çatışmazlığı Ukraynanın hava hücumundan müdafiə sisteminin əsas problemlərindən biri olaraq qalır. Daha əvvəl Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Beskrestnov ölkədə ballistik hədəflərin məhv edilməsi üçün nəzərdə tutulmuş raketlərin demək olar ki, tükəndiyini bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp isə iyulun 8-də Vaşinqtonun Ukraynaya "Patriot" sistemləri üçün raketlərin istehsalına dair lisenziya təqdim edəcəyini açıqlamışdı.