ABŞ Moskva ilə Kiyev arasında sülh sazişi imzalanacağı təqdirdə Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.
“Əgər Venesuela, İran, eləcə də Rusiya və Ukrayna məsələlərində razılaşma əldə olunarsa, bazara böyük həcmdə neft daxil ola bilər və bu zaman Maliyyə Nazirliyi həmin neft üzərindən sanksiyaları götürəcək”, – deyə Bessent vurğulayıb.
Onun sözlərinə görə, bu addım qlobal neft qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər.
Eyni zamanda, ABŞ prezidenti Donald Trampın administrasiyası sülh danışıqları uğursuz olacağı halda Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Yeni məhdudiyyətlərin əsasən enerji sektorunu hədəf alacağı və Moskva üzərində təzyiqi artıracağı bildirilir.
Xüsusilə, neftin dəniz yolu ilə daşınmasında istifadə edilən “kölgə donanması” gəmilərinə, eləcə də Rusiya yanacağının satışını dəstəkləyən treyderlərə qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir.
Ötən ilin payızında Tramp administrasiyası Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq etmişdi. Bu addım Budapeştdə ABŞ və Rusiya liderləri arasında Ukrayna ilə bağlı sülh sazişinin müzakirəsi məqsədilə planlaşdırılan görüşün baş tutmamasından sonra atılmışdı.
2025-ci ilin noyabrında ABŞ Ukrayna üzrə sülh planını təqdim edib və onu Kiyev və Avropa tərəfdaşları ilə razılaşdırıb. Yanvarın sonu və fevralın əvvəlində isə Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli danışıqlar keçirilib.
Razılaşdırıla bilməyən əsas məsələ ərazilərlə bağlıdır. Rusiya prezidenti Vladimir Putin Kiyevdən Donbasın işğal olunmamış hissələrinin Rusiya ordusuna təhvil verilməsini, Ukrayna prezidenti Vladimir Zelenski isə cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını təklif edir.
Financial Times nəşrinin məlumatına görə, Tramp administrasiyası ABŞ-da payızda keçiriləcək aralıq seçkilərə hazırlıq məqsədilə Kiyevdən iyun ayınadək Moskva ilə sülh sazişi imzalamağı tələb edib.
Zelenski isə sülh sazişi məsələsinin referendum yolu ilə həll edilməsini təklif edib və bildirib ki, ukraynalıların 87%-i tezliklə sülhün əldə olunmasını dəstəkləyir, lakin 85%-i “şərqdən geri çəkilməyə” qarşıdır.
“Bu o deməkdir ki, hamı sülh istəyir, amma ədalətli sülh”, – deyə Zelenski vurğulayıb.