6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Portuqaliyanın yeni prezidenti o oldu

09-fevral-2026
Türkan Nəbi
Portuqaliyanın yeni prezidenti o oldu
Yazı Ölçüsü:

Sol-mərkəzçi Sosialist Partiyasının namizədi Antonio Xose Sequro Portuqaliyanın prezident seçkilərində qələbə əldə edib.

"PostMedia" xəbər verir ki, fevralın 8-də keçirilən ikinci turda Sequro aşırı sağçı “Chega!” partiyasının namizədi Andre Venturadan irəlidə olub. Sequro səslərin təxminən 67%-ni toplayıb, Ventura isə 33%-də qalıb.

Birinci turda Sequro 31,1% səslə birinci yeri tutmuş, Ventura isə 23,52% səs toplamışdı.

Sequro son 20 ilin ərzində Portuqaliyada prezident postunu tutan ilk sosialist olacaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen qalibiyyəti münasibətilə onu təbrik edərək, Portuqaliyanın Avropa dəyərlərinə dəstəyinin “möhkəm qaldığını” vurğulayıb.

Venturanın nəticəsi isə, rəqibindən geridə qalmasına baxmayaraq, 2019-cu ildə yaradılmış partiyasının tarixində ən yaxşı nəticədir. Ventura qalibi təbrik edərək bildirib ki, sağ partiyalar mövqelərini gücləndirir və “tezliklə bu ölkəni idarə edəcəklər”.

Portuqaliya prezidentinin səlahiyyət müddəti beş ildir. Əsasən təmsilçilik funksiyası daşısa da, prezident hökumət başçısını təyin etmək, veto qoymaq və hətta parlamenti buraxmaq hüququna malikdir.

İkinci turun seçki kampaniyası ölkəni son ayda vuran dağıdıcı “Kristin” qasırğasının fəsadlarının aradan qaldırılması fonunda keçirilib. Təbii fəlakət nəticəsində altı nəfər həlak olmuş, yüz minlərlə sakin isə elektrik enerjisiz qalmışdı.

Venturanın kampaniyasının əsas mövzularından biri miqrasiya siyasətinin sərtləşdirilməsi olmuşdur. Sequro isə miqrasiyanı iqtisadi zərurət kimi qiymətləndirərək, eyni zamanda bu sahədə tənzimləmələrin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

Kateqoriyalar