Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas NATO-dan ayrı Avropa İttifaqı ordusunun yaradılmasının “son dərəcə təhlükəli” olacağı barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu addım böhran vəziyyətlərində komanda-idarəetmə zəncirinin pozulmasına gətirib çıxara bilər.
Kallas bildirib ki, istənilən hərbi xarakterli böhran zamanı əsas prioritet aydın və vahid komandanlıq strukturunun qorunması olmalıdır.
"PostMedia" xəbər verir ki, bu barədə "Euronews" yazır.
“Əgər siz artıq NATO-nun üzvüsünüzsə, mövcud olandan ayrı bir ordu yarada bilməzsiniz. Çünki böhran zamanı ən vacib məsələ tabelikdir — yəni kim əmr verir və kimə əmr verilir. Əgər həm Avropa ordusu, həm də NATO ordusu varsa, məsuliyyət sadəcə ‘iki stulun arasında qalır’ və bu, son dərəcə, son dərəcə təhlükəlidir. Məhz buna görə deyirəm ki, biz NATO-nun bir hissəsi olan Avropa müdafiəsini gücləndirməliyik. Bu, həqiqətən də NATO-nu tamamlayır. Gəlin NATO-nu pəncərədən çölə atmayaq,” — deyə Kallas vurğulayıb.
