Norveç parlamenti (Stortinq) ölkədə monarxiya idarəetmə formasının saxlanılmasının lehinə səs verib.
"PostMedia"nın Norveç KİV-lərinə istinadən verdiyi məlumata görə, 169 deputatdan 141-i lehinə, 26-sı isə əleyhinə səs verib. Respublika idarəetmə formasına keçid üçün parlamentdə səslərin üçdə iki çoxluğu tələb olunur.
Səsvermə kral ailəsi ətrafında baş vermiş bir neçə qalmaqal və onların reytinqinin azalması fonunda keçirilib.
Fevralın 3-də Osloda vəliəhd şahzadə Mette-Maritın oğlu, 29 yaşlı Marius Borg Høybinin məhkəməsi başlayıb. O, ümumilikdə 38 cinayətdə, o cümlədən dörd zorlamada ittiham olunur. İttihamlar təsdiqlənərsə, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Eyni zamanda, yeni bir qalmaqal da onun anası — şahzadə Mette-Marit ətrafında formalaşır. Bu, ABŞ-da cinsi cinayətlərdə ittiham olunan məşhur milyarder Ceffri Epşteyn işi üzrə sənədlərin yeni paketinin dərc edilməsi ilə bağlıdır. Məlum olub ki, Mette-Maritın Epşteynlə əlaqələri əvvəllər düşünüldüyündən daha sıx olub.
Media yazır ki, 2011-ci ildən başlayaraq Epşteyn və şahzadə Mette-Marit arasında intim və səmimi yazışmalar olub. Daha əvvəl Mette-Marit 2013-cü ildə, Epşteynin kral ailəsi ilə əlaqələrindən “istifadə etməyə” çalışdığını anladıqdan sonra münasibətləri kəsdiyini bildirmişdi. Lakin sənədlər onların yazışmalarının 2014-cü ilin yayına qədər davam etdiyini göstərir.
Norveç kral ailəsi yanvarın 30-da bəyan edib ki, vəliəhd şahzadə Epşteynin cinayətlərinin miqyası və xarakteri barədə məlumatlı olmayıb.
Mette-Marit Verdens Gang nəşrinə bildirib ki, “onun keçmişi haqqında daha çox bilməməsi və onun necə bir insan olduğunu kifayət qədər tez anlamaması ilə bağlı məsuliyyəti üzərinə götürməlidir.”