Trampın Qrenlandiya ilə bağlı təzyiqlərinə qarşı çıxışdan sonra Frederiksenin reytinqi yüksəlib
29-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Danimarkanın baş naziri Mette Frederiksenin reytinqi ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı birləşdirmə ilə bağlı hədələrinə qarşı ölkəsinin suverenliyini müdafiə etməsindən sonra əhəmiyyətli dərəcədə artıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrin qeyd etdiyinə görə, Frederiksenin partiyasının reytinqi yanvar ayında kəskin yüksəlib. Bu artım, ötən il keçirilmiş uğursuz yerli seçkilərdən cəmi bir neçə ay sonra, Trampın Qrenlandiyanı birləşdirmə ilə bağlı aqressiv bəyanatları fonunda Danimarkanın suverenliyinin qətiyyətlə müdafiə olunması ilə əlaqələndirilir.
London Kral Kolleci və Kopenhagen Universitetinin siyasi elmlər üzrə professoru Enn Rasmussen "Politico"ya bildirib ki, reytinq artımını Trampın hücumlarına qarşı Frederiksenin uğurlu mövqeyindən başqa cür izah etmək mümkün deyil. Onun sözlərinə görə, Danimarkada hökumətlə bu cür həmrəylik sonuncu dəfə COVID-19 pandemiyası dövründə müşahidə olunmuşdu, çünki milli böhranlar adətən hakimiyyət üçün əlverişli şərait yaradır.
"Politico" əlavə edib ki, bu tendensiya yalnız Danimarkaya xas deyil: “Kanadadan Avstraliyayadək bir çox ölkədə Trampa qarşı mövqe seçkilərdə güclü motivə çevrilib. Milli suverenliyin və liberal demokratiyanın müdafiəçisi kimi çıxış edən liderlər ABŞ prezidentinə qarşı durmaq istəyən seçicilər tərəfindən mükafatlandırılır”.
Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir. Lakin ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bəyan edib. Danimarka və Qrenlandiya hakimiyyətləri isə Vaşinqtonu adanın zorla ələ keçirilməsi ilə bağlı xəbərdar edərək, ərazi bütövlüyünə hörmət gözlədiklərini bildiriblər.