Makronun partiyası on il ərzində üçüncü dəfə adını dəyişir
26-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Fransa Prezidenti Emmanuel Makronun partiyası son on il ərzində üçüncü dəfə adını dəyişməyə hazırlaşır.
"PostMedia" xəbər verir ki, bu barədə RTL radiosu məlumat yayıb.
Partiyanın rəhbəri və Fransanın sabiq baş naziri Qabriel Attalın sözlərinə görə, “Dirçəliş” (Renaissance) hərəkatının “Yeni Respublika” (Nouvelle République) adlandırılması planlaşdırılır.
Onun bildirdiyinə görə, qərar partiya üzvləri tərəfindən dəstəklənib: daxili səsvermə zamanı 70 faizdən çox üzv ad dəyişikliyinin lehinə səs verib. Attal vurğulayıb ki, partiyanın adı onun siyasi xəttini əks etdirməli və bir növ “vizit kartı” rolunu oynamalıdır.
Rəsmi ad dəyişikliyinin mart ayında keçiriləcək bələdiyyə seçkilərindən sonra baş tutması nəzərdə tutulur.
Məlumata görə, rebrendinq prosesi artıq bir neçə aydır davam edir, çünki hazırkı ad ya geniş ictimaiyyət arasında kifayət qədər tanınmır, ya da mənfi assosiasiyalar yaradır.
Siyasi hərəkat 2016-cı ildə Makron tərəfindən “İrəli!” (En Marche!) adı ilə yaradılıb. 2017-ci il prezident seçkilərindəki qələbədən sonra hərəkat “İrəli, Respublika!” (En Marche, République!) kimi tanınıb, 2022-ci ildə isə “Dirçəliş” (Renaissance) adını alıb.