İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında mesaj mübadiləsi aparılıb.
"PostMedia" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki ofisi yanında səfiri və daimi nümayəndəsi Əli Bəhrayni bildirib.
“Xarici işlər nazirimizlə Uitkoff arasında müxtəlif məsələlər üzrə qeyri-rəsmi mesaj mübadiləsi gedir, lakin bunu danışıqlar adlandırmaq çətindir”.
ABŞ prezidenti Donald Tramp yanvarın 22-də bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər “ehtiyat tədbiri olaraq” İran istiqamətində hərəkət edir. Bundan əvvəl o, İrana qarşı hərbi müdaxilə variantının gündəmdən çıxarılıb-çıxarılmadığı sualına dəqiq cavab verməyib və gələcəkdə nə baş verəcəyini deyə bilmədiyini qeyd edib.
Tramp daha əvvəl İranda etirazçılara dəstək verdiyini açıqlayıb və İslam Respublikasına qarşı istənilən tədbirin, o cümlədən hava zərbələrinin mümkünlüyünü istisna etməyib. Tehran isə ABŞ prezidentinin bu bəyanatlarının İranın suverenliyinə təhdid yaratdığını bəyan edib.
İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın dəyərdən düşməsi fonunda başlayıb, sonradan isə iğtişaşlara və hakimiyyət əleyhinə aksiyalara çevrilib. Aksiyalar, devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra pik həddə çatıb.
Ölkədə internetin fəaliyyəti dayandırılıb, həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında ölənlərin olduğu bildirilib. ABŞ və İsraili iğtişaşların təşkilində ittiham edən İran hakimiyyəti yanvarın 12-də vəziyyətin nəzarət altına alındığını açıqlayıb.