Fransa Trampın "Sülh Şurası"na qoşulmaqdan imtina etməsinin səbəbini açıqlayıb
22-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Fransa hələki ABŞ Prezidenti Donald Trampın "Sülh Şurası"na qoşulmayacaq. Buna səbəb təşkilatın nizamnaməsinin Qəzza müharibəsi ilə bağlı BMT qətnamələrinə və BMT Nizamnaməsinə zidd olmasıdır.
"PostMedia"nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavre bildirib.
"Bir tərəfdən, bu təşkilat Qəzza zolağı üçün nəzərdə tutulan müstəsna mandata uyğun gəlmir (orada Qəzzanın adı belə çəkilmir), digər tərəfdən isə nizamnamədə BMT Nizamnaməsi ilə ziddiyyət təşkil edən elementlər var", — deyə Konfavre jurnalistlərə açıqlamasında qeyd edib.
Əvvəlcə Qəzza üçün nəzərdə tutulsa da, nizamnamədə Qəzzanın adı keçmir. Təşkilatın məqsədi "münaqişədən zərər çəkmiş ərazilərdə sabitliyi təşviq etmək və qanuni idarəçiliyi bərpa etmək" kimi geniş ifadə olunub.
Nizamnaməyə əsasən, Şuraya Donald Tramp rəhbərlik edəcək. O, yalnız könüllü istefa verdikdə və ya fəaliyyət qabiliyyətini itirdikdə (icra şurasının yekdil qərarı ilə) əvəzlənə bilər.
Azərbaycan da daxil olmaqla 10-dan çox ölkə artıq bu gün "Sülh Şurası"nın nizamnaməsini imzalayıb.