ABŞ prezidenti Donald Tramp Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqesin vəzifələrini yaxşı icra etdiyini qeyd edib.
"PostMedia" xəbər verir ki, Tramp bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib:
“Bəli, o, işinin öhdəsindən yaxşı gəlir. Bizim çox yaxşı münasibətlərimiz var. Venesuela da yaxşı işləyir.” O əlavə edib: “Venesuela üçün çoxlu vəsait əldə edəcəyik və orada xalqın qayğısına qala biləcəklər”.
Daha əvvəl Vaşinqton administrasiyasının nümayəndəsi "Ağ Ev"in Rodriqesin ABŞ-yə səfər edəcəyini gözlədiyini, lakin səfərin tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.
Tramp yanvarın 3-də Karakasda hərbi əməliyyatın aparıldığını bəyan edib; əməliyyat nəticəsində ABŞ hərbçiləri Venesuela prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayıblar. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsi qarşısına çıxarılıb. Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər. Venesuelada dövlət başçısının funksiyalarını hazırda Maduronun dövründə icraçı vitse-prezident olmuş Rodriqes yerinə yetirir. Tramp bəyan edir ki, Venesuelanın müvəqqəti idarəçiliyini ABŞ öz üzərinə götürəcək.