Moskva və Tehran ticarət və investisiya sahələrində yaxşı planlara malikdir və bu layihələri dayandırmaq üçün heç bir səbəb yoxdur.
"PostMedia" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında iranlı jurnalistin ABŞ-ın rüsumlarının Rusiya–İran ticarət-investisiya əlaqələrinə necə təsir göstərə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
“Biz sizinlə ticarət edirik — siz və biz. Necə qərar versək, ticarət də elə inkişaf edəcək. İran İslam Respublikası ilə yalnız ticarətdə deyil, investisiya sahəsində də yaxşı planlarımız var”, — deyə Lavrov bildirib.
Nazir xatırladıb ki, “Bușehr” Atom Elektrik Stansiyası fəal şəkildə genişləndirilir, Rusiya, Azərbaycan və İran arasında beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizinin ən vacib hissəsi üzərində iş aparılır. Onun sözlərinə görə, bir çox digər layihələr də işlənmə mərhələsindədir. “Mən bizim və ya iranlı dostlarımızın bu layihələri dayandırması üçün hər hansı səbəb görmürəm”, — deyə o vurğulayıb.
Lavrov qeyd edib ki, ABŞ prezidenti Donald Tramp həqiqətən də rüsum və tarifləri siyasət aləti kimi tətbiq edir. “Hər dəfə ticarət-iqtisadi münasibətlərdə birtərəfli məcburedici tədbirlərdən istifadə ediləndə, bu, həmin tədbirlərin təşəbbüskarının dünya bazarlarında rəqabət qabiliyyətinə tam əmin olmadığını göstərir. Həyat hər şeyi öz yerinə qoyacaq”, — deyə o bildirib.
Eyni zamanda nazir Fransa prezidenti Emmanuel Makronun Trampın “Sülh Şurası”nın fəaliyyətində iştirak təklifindən imtinasını da xatırladıb. “Donald Tramp bunu biləndə dedi ki, Fransa prezidentinə və bütövlükdə Fransa iqtisadiyyatına qarşı 200% tariflər tətbiq edəcək. Amma həyat hər hansı bir konkret vəziyyətdən qat-qat daha çoxşaxəlidir”, — deyə Rusiya XİN rəhbəri sözlərini yekunlaşdırıb.