Ukrayna gələn həftə Rusiyaya qarşı yeni təzyiqlərin edilməsi və aydın beynəlxalq mövqeyə nail olunması istiqamətində iş aparacaq.
"PostMedia" UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə axşam müraciətində bildirib.
O qeyd edib ki, bazar günü ABŞ-də səfərdə olan Ukrayna nümayəndə heyətinin hesabatlarını dinləyib; məsələn, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Prezident Donald Trampın nümayəndələri ilə keçirilən görüşlər barədə məlumat verib.
"Artıq bir neçə mərhələdən ibarət danışıqlar aparılıb; onlar müharibənin dayandırılması üçün zəruri olan sənədlər üzərində işləyirlər. Ukrayna komandasının Amerika tərəfini Ukraynada baş verənlər və Rusiyanın energetika sistemimizə davamlı zərbələri barədə tam məlumatlandırması vacibdir. Əgər ruslar müharibəni bitirmək məsələsində həqiqətən ciddi olsaydılar, raket hücumlarına, elektrik enerjisinin kəsilməsinə və hətta atom elektrik stansiyalarımıza zərər vermək cəhdlərinə deyil, diplomatiyaya diqqət yetirərdilər", - deyə o qeyd edib.
Zelenski bildirib ki, Kiyev Rusiyanın zərbələr endirmək üçün kəşfiyyat apardığı yerlər haqqında məlumatlara malikdir.
"Hər şey aydın şəkildə göstərir ki, diplomatiya Rusiya üçün qətiyyən prioritet deyil. Biz bunu qəbul etməliyik. Biz bu müharibənin əsl səbəbkarı olan Moskvaya təzyiq göstərməyə davam etməliyik", - deyə Zelenski fikrini tamamlayıb.