Amerikanın texnologiya nəhəngi "Amazon" 16 min iş yerinin ixtisar ediləcəyini təsdiqləyib.
"PostMedia" "BBC News"a istinadən xəbər verir ki, bu açıqlama, şirkətin qlobal miqyasda yeni ixtisar dalğası barədə əməkdaşları məlumatlandıran və ehtimal ki, səhvən elektron poçtla göndərilən bildirişdən bir neçə saat sonra verilib.
Telekanalın tanış olduğu elektron məktub çərşənbə axşamı gecə saatlarında göndərilib və bildirilib ki, ABŞ, Kanada və Kosta-Rikada bir sıra əməkdaşlar “şirkəti gücləndirmək” səyləri çərçivəsində ixtisar olunacaq. Mesajın səhvən yayımlandığı güman edilir, çünki o, qısa müddət sonra geri çağırılıb.
Çərşənbə günü səhər "Amazon" rəsmi şəkildə iş yerlərinin ixtisarı barədə məlumat verib və bunu şirkət daxilində “bürokratiyanın aradan qaldırılması” planı ilə əsaslandırıb.
"Amazon"un İnsan Resursları və Texnologiyalar üzrə baş vitse-prezidenti Bet Qaletti bildirib ki, şirkət “bir neçə aydan bir genişmiqyaslı ixtisarlar aparmağı” planlaşdırmır. O, oktyabrda 14 min iş yerinin ixtisarı ilə bağlı açıqlamaya da toxunaraq qeyd edib: “Bir çox komandalar oktyabrda təşkilati dəyişikliklərini tamamlayıb, digərləri isə hələ bu prosesi bitirməyib.”
2022-ci ildən bəri "Amazon", "Meta", "Google", "Microsoft" və digər iri texnologiya şirkətləri hər il on minlərlə əməkdaşı işdən azad edərək işçi sayını azaldıblar. İş ixtisarlarını izləyən Layoffs.fyi saytının məlumatına görə, son dörd ildə texnologiya sektorunda təxminən 700 min insan işini itirib. Bu il Facebook-un sahibi Meta bir neçə yüz əməkdaşı əhatə edən yeni ixtisarlar həyata keçirib. Pinterest isə bu həftə təxminən 700 iş yerini bağlayıb.