Rusiya Dövlət Duması deputatları prezidentin qərarı ilə xaricdə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
"PostMedia" RBK-ya istinadən xəbər verir ki, bu addım xaricdə təqib olunan Rusiya vətəndaşlarının müdafiəsi məqsədi daşıyır.
Səsvermənin nəticələrinə görə, 413 deputat layihənin lehinə səs verib, əleyhinə və ya bitərəf səs verən olmayıb.
Qanun layihəsini təqdim edən müdafiə nazirinin müavini–dövlət katibi Anna Tsivilyova bildirib ki, sənəd Rusiya vətəndaşlarının xarici ölkələrdə “cinayət və digər təqiblərdən” qorunması üçün hüquqi baza yaradır.
Müdafiə komitəsinin sədri Andrey Kartapolov da qeyd edib ki, bu mexanizm xaricdə Rusiya vətəndaşlarının və Rusiya təşkilatlarının hüquqlarının “qanunsuz xarici müdaxilələrdən” qorunmasına kömək edəcək. Onun sözlərinə görə, oxşar praktika ABŞ-da 2002-ci ildə tətbiq olunub.
Hökumətin təqdim etdiyi layihə xaricdə saxlanılan, həbs edilən və ya xarici məhkəmələrin qərarları ilə cinayət təqibinə məruz qalan rusların müdafiəsi üçün tədbirlərin görülməsinə imkan verir. Bu, yalnız Rusiya tərəfinin iştirak etmədiyi və beynəlxalq müqavilələrə və ya BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanmayan işlərə aiddir.
Kartapolov əvvəlki açıqlamasında bildirib ki, bu qaydalar məsələn Polşada rus arxeoloqu Aleksandr Butyaginın həbsi kimi halların qarşısını almağa kömək edə bilər. O vurğulayıb ki, bu səlahiyyətlərin mövcudluğu avtomatik hərbi müdaxilə demək deyil, lakin digər ölkələrin davranışına təsir göstərə bilər.