Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoffun görüşü 3,5 saatdan çox davam edib.
“PostMedia” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, danışıqlarda həmçinin K.Dmitriyev, Y.Uşakov, C.Kuşner və C.Qrünbaum iştirak ediblər.
Tərəflərin Ukraynadakı münaqişənin tənzimlənməsini və Rusiyanın "Sülh Şurası"na dəvət olunmasını müzakirə edəcəyi gözlənilirdi. Kremldən verilən məlumata görə, Rusiya tərəfindən danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov və dövlət başçısının xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib.
ABŞ-ni isə Amerika liderinin kürəkəni Cared Kuşner və Satınalmalar üzrə Federal Xidmətin (GSA) komissarı Coş Qrünbaum təmsil edib. Qrünbaum bu yaxınlarda Donald Tramp tərəfindən yaradılmış "Sülh Şurası"nın İcraiyyə Komitəsinin baş müşaviri təyin olunub. Görüşdə Ukrayna münaqişəsi üzrə sülh sazişinin şərtləri və nizamlanma yolları, Rusiyanın “Sülh Şurası”na dəvət olunması və Moskvanın mümkün üzvlük haqqı (1 milyard dollar) müzakirə edilib.
Eyni zamanda Rusiyanın dondurulmuş aktivləri və planlaşdırılan üçtərəfli görüş də müzakirə mövzusu olub.