"Ağ Ev" öz saytından "Tetris" üslubunda hazırlanmış "Build the Wall" oyununu silib.
"PostMedia" "NBC News"a istinadən xəbər verir ki, bu addım "Tetris" şirkətinin oyunda müəllif hüquqlarının pozulmasına işarə etməsindən sonra atılıb.
Oyun ötən həftə ABŞ Prezidenti Donald Trampın siyasi gündəminə həsr olunmuş videooyunlar seriyasının bir hissəsi kimi "Ağ Ev"in saytında yerləşdirilmişdi. İstifadəçilərə "kərpicləri" düzmək və bununla da ABŞ-nin cənub sərhədi boyunca divar tikmək, "sərhəddəki zombi mühasirəsini" geri oturtmaq təklif olunurdu. Oyunun adı və mexanikası məşhur "Tetris" pazl oyununa açıq şəkildə işarə edirdi.
"Tetris" şirkəti oyunun hazırlanmasında iştirak etmədiyini və "müəllif hüquqlarının pozulmasına çox ciddi yanaşdığını" bildirib. Şirkətin nümayəndələri eyni zamanda "Tetris"in insanları ayırmaq deyil, birləşdirmək tərəfdarı olduğunu vurğulayıblar.
"Wayback Machine"də saxlanılan "Ağ Ev"in saytının arxiv nüsxəsi göstərir ki, oyun ən azı bazar ertəsinə qədər əlçatan olub, lakin çərşənbə axşamı saytdan yoxa çıxıb. "Tetris" və "Ağ Ev" oyunun hansı səbəbdən silinməsi ilə bağlı "NBC News"un sorğusuna hələ cavab verməyib.
Seriyanın digər oyunları isə hələ də saytda qalır. Belə ki, "Rio Run" məşhur "Snake" oyununun mexanikasını təkrarlayır. Oyunçu çay boyunca uzanan sərhəddə patrul aparmalı və "sərhədi keçən hər kəsi tutmalıdır". "Flappy Bill" isə "Flappy Bird" prinsipi əsasında hazırlanıb. Burada oyunçu keçəl qartalı idarə edir və onu abidələrin arasından uçuraraq havada saxlamağa çalışır.
"Ağ Ev" reklam materiallarında digər məşhur videooyunların da tanınan elementlərindən istifadə edib. Videolardan birində "Xbox"un başlanğıc ekranı dəyişdirilib, digərində "Sega"nın loqosu və səsi "MAGA" ilə əvəzlənib. Başqa bir videoda isə "Nintendo GameCube"un başlanğıc ekranı təqlid edilib.
Çərşənbə axşamı "Ağ Ev" "X" sosial şəbəkəsində "Nintendo" şirkətinin "The Legend of Zelda" oyununun üslubunda hazırlanmış video yayımlayıb. Ekranda "The Legend of Trump" adı və "Make America Great Again" şüarı peyda olub. Videoda orijinal oyunun loqosu və şriftindən istifadə edilib, həmçinin "Zelda" oyunundan musiqi səsləndirilib.
Tramp administrasiyası bundan əvvəl də siyasi materiallarda məşhur videooyunların elementlərindən, kitab və cizgi filmi personajlarından, eləcə də müəllif hüquqları ilə qorunan musiqilərdən istifadə edib. Bir sıra hallarda hüquq sahibləri və sənətçilər bu istifadəyə açıq şəkildə etiraz ediblər.
Dekabr ayında "Kids Can Press" nəşriyyatı ABŞ müdafiə naziri Pit Heqsetin paylaşımını tənqid edib. Həmin paylaşımda uşaq kitabının personajı olan tısbağa Franklin hərbi formada və qumbaraatanla təsvir edilmişdi.
Həmin ay müğənni Sabrina Karpenter də "Ağ Ev"i tənqid edib. Sənətçi miqrasiya xidməti əməkdaşlarının insanları saxlaması ilə bağlı yayımlanan videoda onun mahnısından istifadə edilməsinə etiraz edib.