Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Yunanıstan Milli Kəşfiyyat Xidmətinin direktoru Temistoklis Demiris ötən həftə Afinada gizli görüş keçirərək Egey dənizindəki vəziyyəti və digər təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Mənbələrin" qəzetə bildirdiyinə görə, Kalın Demirislə danışıqlar aparmaq üçün Afinaya səfər edib. Tərəflər ikitərəfli münasibətləri, regional prosesləri və iki ölkə arasında mövcud problemlərin həlli yollarını müzakirə ediblər.
Mənbələr qeyd ediblər ki, tərəflər Egey dənizində, Şərqi Aralıq dənizində, eləcə də NATO çərçivəsində təhlükəsizliyin təmin olunması baxımından Türkiyə-Yunanıstan münasibətlərinin inkişafının vacibliyini vurğulayıblar. Həmçinin terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizədə iki ölkənin kəşfiyyat xidmətləri arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Müzakirə olunan məsələlər arasında ABŞ və İran arasında qarşıdurma, Suriyada və Livandakı vəziyyət, eləcə də İsrailin fəaliyyəti də olub. Tərəflər beynəlxalq və regional məsələlər üzrə iki ölkənin kəşfiyyat xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
"Hürriyet" yazır ki, iki ölkənin kəşfiyyat rəhbərlərinin görüşündən əvvəl Egey dənizindəki vəziyyətlə bağlı Türkiyə və Yunanıstan arasında gərginlik artmışdı.
Ötən həftə Türkiyənin Müdafiə Nazirliyi Ankaranın Yunanıstanın Egey dənizindəki Rodos adasında pilotsuz uçuş aparatlarını daimi əsasda yerləşdirmək niyyəti ilə bağlı məlumatlardan narahat olduğunu açıqlamışdı.
Ötən çərşənbə günü isə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Egey dənizindəki adalarda silah yerləşdirməyi dayandırmağa çağırıb.
2023-cü ildə Türkiyə və Yunanıstan Afinada Egey dənizində qarşıdurmadan qaçmaq məqsədi daşıyan bəyannamə imzalayıblar. Buna baxmayaraq, tərəflər arasında dəniz və hava məkanına dair hüquqlarla bağlı fikir ayrılıqları qalmaqdadır.