Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qızı Arpi Mirzoyan bu il məktəbi bitirib və təhsilini Avropanın nüfuzlu universitetlərindən birində – Niderlandın "Tilburg" Universitetinin hüquq fakültəsində davam etdirəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Arpi Mirzoyan artıq Niderlanddadır. Ararat Mirzoyan onun üçün universitetin yaxınlığında ikiotaqlı mənzil kirayələyib. Bildirilir ki, universitetin tələbələr üçün kampusu və yaşayış kompleksi yoxdur.
"Hraparak" qeyd edir ki, "Tilburg" Universiteti bakalavr tələbələri üçün təqaüd və qrantlarla bağlı kifayət qədər sərt siyasət yürüdür. Niderland hökuməti bu proqramları artıq subsidiyalaşdırdığı üçün əlavə güzəştlər tətbiq edilmir. Aİ-yə üzv olmayan ölkələrdən gələn beynəlxalq tələbələrə isə xüsusi güzəştlərin verilmədiyi bildirilir.
Qəzetin məlumatına görə, universitetə qəbul üçün xarici dil bilikləri və attestatda yüksək qiymətlər tələb olunur. İnternetdəki məlumatlara əsasən, təhsil haqqı proqramdan asılı olaraq ildə 17-20 min avro təşkil edir.
"Hraparak"ın iddiasına görə, Mirzoyan Niderlanddakı Ermənistan səfirliyinin əməkdaşlarına qızına müxtəlif məsələlərdə kömək göstərməyi tapşırıb. Qəzet səfirlik əməkdaşlarının bu tapşırığı yerinə yetirmək imkanından məmnun olduqlarını iddia edir.
Qəzet məsələ ilə bağlı daha ətraflı məlumatın bugünkü sayında dərc ediləcəyini bildirib.