6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Google Maps" Ontario gölünün adını "Lake America" olaraq dəyişib

31-avqust-2026, 02:58
"Google Maps" Ontario gölünün adını "Lake America" olaraq dəyişib
Yazı Ölçüsü:

"Google Maps" ABŞ ərazisində yerləşən Ontario gölünün adını "Lake America" olaraq göstərməyə başlayıb.

"PostMedia" CNN-ə istinadən xəbər verir ki, dəyişiklik ABŞ Prezidenti Donald Trampın gölün adının ABŞ hökuməti tərəfindən dəyişdirilməsini nəzərdə tutan sərəncamından sonra həyata keçirilib. ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) "Lake Ontario" adını ABŞ ərazisində "Lake America" olaraq rəsmiləşdirib.

"Google" şirkətindən bildirilib ki, "Google Maps"də rəsmi dövlət mənbələrindəki coğrafi ad dəyişiklikləri əks etdirilir. Buna görə də ABŞ-dəki istifadəçilər gölü "Lake America", Kanadadakı istifadəçilər isə "Lake Ontario" adı ilə görəcəklər.

ABŞ və Kanadadan kənarda olan istifadəçilər isə hər iki adı görəcəklər. Bu halda əsas ad "Lake Ontario", alternativ ad isə mötərizədə "Lake America" kimi göstəriləcək.

Şirkət bunun müxtəlif ölkələrdə fərqli adlarla tanınan su hövzələri ilə bağlı uzunmüddətli siyasətinə uyğun olduğunu açıqlayıb.

Tramp administrasiyasının rəsmiləri dəyişikliyi alqışlayıblar. "Ağ Ev"in kommunikasiyalar direktoru Stiven Çunq sosial şəbəkədə "Bu, rəsmidir!" Lake America" "Google Maps"də" yazıb. Tramp da məsələ ilə bağlı məqalənin keçidini paylaşıb.

Ontario gölü Kanada və ABŞ arasında ortaq su hövzəsidir. Göl iki ölkə arasında XX əsrin əvvəllərində bağlanmış Sərhəd Suları haqqında müqavilə əsasında birgə idarə olunur.

Kanada isə gölün adını dəyişmək niyyətində deyil. Baş nazir Mark Karni bildirib ki, ölkəsi gölü "həmişəlik" Ontario gölü adlandıracaq.

Ontario əyalətinin baş naziri Daq Ford da gölün Kanada sahilində "Lake Ontario" və "Now and Always" sözlərinin yazıldığı lövhə yerləşdirib.

Ford bildirib ki, göl Prezident Trampdan çox əvvəl Ontario gölü adlanırdı və Trampın prezidentliyi başa çatdıqdan sonra da bu ad dəyişməyəcək.

Tramp daha əvvəl də coğrafi adın dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. O, 2024-cü ilin yanvarında "Meksika körfəzi"nin adının "Amerika körfəzi" olaraq dəyişdirilməsi barədə sərəncam imzalayıb. Google həmin dəyişikliyi də ABŞ-dakı istifadəçilər üçün xəritələrində əks etdirib.

Bununla yanaşı, "Waze" və "Apple Maps" Ontario gölünü hələ də əvvəlki adı ilə göstərir. "MapQuest" isə dəyişikliyi tətbiq etməyəcəyini açıqlayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930