Çay dünyanın ən çox istehlak edilən içkilərindən biridir. Səhər yeməyindən iş fasilələrinə qədər günün müxtəlif vaxtlarında içilən çay həm zövq verir, həm də bir sıra faydalı xüsusiyyətləri ilə seçilir. Bununla yanaşı, mütəxəssislər çayın yalnız növünə deyil, temperaturuna da diqqət yetirməyi tövsiyə edirlər.
İlıq və ya rahat içilə biləcək temperaturda olan çay orqanizmə bir sıra müsbət təsirlər göstərə bilər.
Çayın tərkibindəki antioksidantlar hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edir və ürək-damar sağlamlığının dəstəklənməsində rol oynaya bilər.
Bundan əlavə, isti çay həzm prosesini rahatlaşdıra, boğazda narahatlıq hissini azalda, soyuq havalarda orqanizmdə istilik hissi yarada və stressin azalmasına və rahatlama hissinə kömək edə bilər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam çayın temperaturudur. Çox isti, xüsusilə 65°C-dən yuxarı temperaturda olan çayın mütəmadi qəbulu qida borusunun selikli qişasını zədələyə bilər.
Belə zədələnmələr uzun müddət davam etdikdə qida borusu xəstəliklərinin, o cümlədən bəzi xərçəng növlərinin yaranma riskinin artması ilə əlaqələndirilir.
Bu səbəbdən çayı qaynadıqdan dərhal sonra deyil, bir qədər soyuduqdan sonra içmək tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, çayın 50–60°C temperaturda qəbul edilməsi daha təhlükəsiz hesab olunur.
Bunun üçün sadə qaydaya əməl etmək kifayətdir.
Tövsiyyə olunur ki, çayı stəkana tökdükdən sonra təxminən 3–5 dəqiqə gözləmək lazımdır. Əgər ilk qurtum zamanı çay dilinizi yandırırsa, deməli, temperaturu hələ də yüksəkdir.
Çay düzgün temperaturda qəbul edildikdə həm zövqlü, həm də faydalı içki hesab olunur. Əsas məsələ onu həddindən artıq isti halda içməməkdir. Bir neçə dəqiqə gözləmək qida borusunu yüksək temperaturun mənfi təsirindən qorumağa kömək edə bilər və çaydan daha təhlükəsiz şəkildə faydalanmağa imkan yaradar.