6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Dünyanın ən gözəl sözü açıqlanıb

20-iyul-2026, 02:41
Dünyanın ən gözəl sözü açıqlanıb
Yazı Ölçüsü:
Dünyanın ən gözəl sözü Yeni Zelandiyanın yerli maori dilinə məxsus "kaitiakitanga" sözü seçilib.
"PostMedia" "Bild"ə istinadən xəbər verir ki, bu sözün birbaşa qarşılığı bir çox dillərdə yoxdur və insanın təbiəti gələcək nəsillər naminə qorumaq, ona qayğı göstərmək məsuliyyətini ifadə edir.
Maori dünyagörüşünə görə insan təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi və qoruyucusudur. Buna görə də "kaitiakitanga" anlayışı sadəcə ətraf mühitin mühafizəsindən daha geniş məna daşıyır.
"Dünyanın ən gözəl sözü" adı ilk dəfə dil öyrənmə platforması Babbel tərəfindən təsis edilib. Seçim zamanı sosial şəbəkələr və dil forumlarındakı müzakirələr təhlil olunub, qalib isə dilçilər və mədəniyyət üzrə ekspertlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Müsabiqədə 75-dən çox dildən təqdim olunan 223 söz yarışıb. Qiymətləndirmə zamanı sözlərin yalnız səslənməsi deyil, həm də mənası, mədəni dəyəri və bütün dünya insanları üçün aktuallığı nəzərə alınıb.
Finala çıxan sözlər arasında portuqal dilində dərin həsrət mənasını verən "Saudade", yapon dilində həyatın mənası anlamına gələn "Ikigai", uels dilində itirilmiş vətən həsrətini ifadə edən "Hiraeth", zulu dilində insanpərvərlik və birlik anlamını daşıyan "Ubuntu", eləcə də yəhudi dili idişdə maddi dəyərlərdən çox ideallar dünyasında yaşayan xəyalpərəst insanı ifadə edən "Luftmensch" sözləri də yer alıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31