Cənubi Koreya prezidenti Li Ce Myon yeganə mənzilini satdığını və hazırda şəxsi evinin olmadığını açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, prezident Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini fevral ayında satışa çıxarıb. Məqsəd hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsinə yönəlmiş siyasətinə ictimai etimadı artırmaq olub.
Hazırda Cənubi Koreya hökuməti istifadə olunmayan mənzillərin investisiya məqsədilə saxlanılmasının qarşısını almaq üçün mülkiyyətçiləri daşınmaz əmlaklarını satmağa təşviq edir. Bu siyasət bazarda mənzil fondunun artırılmasına və qiymətlərin sabitləşməsinə hesablanıb.
“Mənim artıq evim yoxdur”, – deyə Li Ce Myon hökumətin mənzil siyasəti ilə bağlı iclasında bildirib.
Prezidentin həyat yoldaşı Kim He Gyon ilə birgə sahib olduğu 164 kvadratmetrlik mənzil 1998-ci ildən onların mülkiyyətində idi. Yerli medianın məlumatına görə, mənzil 2,9 milyard vona (təxminən 1,9 milyon ABŞ dolları) satışa çıxarılıb və eyni qiymətə satılıb.
Hazırda prezident və həyat yoldaşı Seulun Hannam-don rayonunda yerləşən rəsmi prezident iqamətgahında yaşayırlar.