Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi İrəvanın İkinci Dünya müharibəsinin tarixini yenidən yazan ölkələrin sırasına qoşulmağa hazırlaşdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu brədə o, Ermənistanın Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatları Universitetinin rəisi vəzifəsinə Arsrun Hovhannisyanın təyin olunmasını şərh edərkən deyib.
Zaxarova xatırladıb ki, Arsrun Hovhannisyan 2025-ci ilin mayında Ermənistan İctimai Televiziyasında çıxışı zamanı Stalinqrad döyüşündə SSRİ-nin qələbəsinin Ermənistanı Türkiyənin mümkün hücumundan xilas etməsi barədə fikri "mif" adlandırıb. O, həmçinin Almaniyanın faşist deyil, yalnız nasist dövlət olduğunu bildirib və Türkiyəyə müdaxilə, daha sonra isə müstəqil Ermənistanın yaradılmasını nəzərdə tutan "Gertruda" əməliyyat planını xatırladıb.
Rusiya XİN sözçüsünün iddiasına görə, Hovhannisyan faktiki olaraq 1943-cü ildə Vermaxtın Stalinqrad döyüşündə məğlub olmasına təəssüfləndiyini ifadə edib və nasist Almaniyasının məğlubiyyətinin Hitlerin guya "Böyük Ermənistan" yaratmaq planlarını puça çıxardığını söyləyib.
"Belə görünür ki, İrəvan 'işıqlı Avropa'ya can atarkən, eyni zamanda Qərb üçün narahatlıq doğuran İkinci Dünya müharibəsi tarixini yenidən yazmaq cəhdlərinə qoşulmağa hazırlaşır. Bu siyasətin əsas məqsədlərindən biri keçmiş SSRİ xalqlarının ortaq tarixi yaddaşını və onların nasizm üzərində qələbədə həlledici rolunu unutdurmaqdır", – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, bu siyasət əvvəllər Baltikyanı ölkələrdə və Şərqi Avropada həyata keçirilib, ən irəli mərhələyə isə Ukraynada çatıb.
Zaxarova əlavə edib ki, Rusiyanın fikrincə, bu yanaşma erməni xalqının Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa hörmətsizlikdir və nasizmin hər cür təbliği ictimai və dövlət səviyyəsində qəti şəkildə pislənməlidir.
Rusiya XİN-in bəyanatında həmçinin Ermənistan hakimiyyətinin erməni xalqının tarixi yaddaşını dəyişdirməyə çalışdığı, bunun isə Osmanlı imperiyasında ermənilərin soyqırımı mövzusuna və Erməni Apostol Kilsəsinə münasibətdə də özünü göstərdiyi iddia olunub.
Zaxarova vurğulayıb ki, bu siyasətin Ermənistan cəmiyyətinin həqiqi istəklərinə nə dərəcədə uyğun olduğunu erməni xalqı özü qiymətləndirməlidir.