Qonur ayı Tibetdə bir otelə daxil olaraq iki turistin qaldığı bağlı otağa girib. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
"PostMedia" xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Qeyri-adi hadisə şənbə günü Naqçu şəhərində baş verib. Müşahidə kameralarının görüntülərində ayının sakit şəkildə otelin dəhlizi ilə hərəkət etdiyi, daha sonra isə güc tətbiq edərək dolu otaqlardan birinin qapısını açdığı əks olunub.
Turistlərin sözlərinə görə, heyvan otağa daxil olduqdan sonra onlar bir neçə saniyə ərzində sadəcə bir-birlərinə baxıblar. Daha sonra ayı heç bir aqressiya göstərmədən özü geri dönərək otaqdan çıxıb.
Otel sahibi heyvanı qorxudaraq binadan uzaqlaşdırmaq üçün fənərdən və əl altında olan digər vasitələrdən istifadə edib.
Hadisədən sonra zədələnmiş qapı təmir olunub. Otel rəhbərliyi gələcəkdə ayıların binaya daxil olmasının qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də bildirib.