ABŞ-nin keçmiş birinci xanımı Cill Bayden özünün "A View from the East Wing" (“Şərq qanadından baxış”) adlı memuarında varisi Melaniya Tramp ilə 2025-ci il yanvarın 20-də, Donald Trampın andiçmə mərasimində baş tutan son dərəcə gərgin və soyuq görüşü ətraflı təsvir edib.
"PostMedia" "The Independent"ə istinadən xəbər verir ki, kitabın sonuncudan əvvəlki fəslində Bayden hakimiyyətin həyat yoldaşı Co Baydenədn yeni prezidentə ötürülməsindən əvvəlki məqamları xatırlayır. Bu proses aylarla davam edən sərt və qarşılıqlı ittihamlarla müşayiət olunan seçki kampaniyasından sonra baş vermişdi.
Cill Baydenin sözlərinə görə, həmin soyuq qış günündə o, vəziyyəti yumşaltmaq üçün əlindən gələni edib və hətta siyasi məna daşıyan Ralph Lauren geyimi seçib.
“Göy rəng açıq partiya seçimi olardı, amma bənövşəyi birlik rəmzidir. Mən hələ də buna inanıram”, – deyə o yazıb.
Lakin cəhdlər nəticəsiz qalıb. İki cütlüyün "Ağ Ev" pilləkənlərində görüşü, formal nəzakət ifadələri və çay süfrəsindən əvvəl çəkilən ənənəvi foto kifayət qədər narahat atmosferdə keçib.
Əsl sınaq isə birinci xanımların ABŞ-nin Kapitoliya binasına birgə limuzin səfəri olub. Onları müşayiət etməyə Con Bessler razılıq verib. Cillin istehzalı ifadəsi ilə desək, o, “bütün mümkün variantlar arasında ən qısa çöplə çıxan adam” olub.
Cill Bayden açıq şəkildə bildirib ki, avtomobildəki buz kimi atmosferin səbəbi nə idi.
“Melaniya şəxsən Conu "Mar-a-Lago"dakı şəxsi otaqlarında aparılan FTB axtarışına görə günahlandırırdı”, – deyə o yazıb. “Mən ona müəyyən mənada rəhm edirdim, çünki özüm də belə axtarış yaşamışam. Agentlərin alt paltarı çekmecələrini qarışdırmasının nə qədər xoşagəlməz olduğunu bilirdim”.
Bessler söhbəti canlandırmağa çalışsa da, nəticə verməyib. O, Melaniyadan oğlu Barron Trampın harada oxuyacağını soruşduqda, Melaniya qısa şəkildə “New York University” cavabını verib və sonra nümayişkaranə şəkildə pəncərəyə tərəf dönərək söhbəti bağlayıb.
Nəticədə bütün yol boyu əsas mövzu hava şəraiti olub. Cill hətta mərasim üçün çöldə qalan hərbi xidmət itlərinə yazığı gəldiyini də dilə gətirib.
Rəsmi mərasim başa çatdıqdan sonra Donald Tramp vidalaşarkən Cillə belə deyib:
“Conun nəyəsə ehtiyacı olsa, mənə zəng et”.
Daha sonra Baydenlər helikopterlə uçaraq Santa Ynez şəhərinə yollanıblar. Cill siyasi həyatdan sonrakı dövrü “axirət həyatı” adlandırır və qeyd edir ki, ilk günlər onlar üçün ağır keçib. Küçələrdə MAGA tərəfdarlarının avtomobil karvanlarını görür, televizoru isə yeni administrasiyanın onların müdafiə etdiyi siyasətləri ləğv etdiyini izləməmək üçün söndürürdülər.
Keçmiş birinci xanımın narahatlığına səbəb olan digər məsələ Tramp administrasiyasının "Ağ Ev"də başladığı genişmiqyaslı təmir işləri olub.
Vaşinqtondan ona Şərq qanadının sökülməsini əks etdirən fotolar göndərilirmiş.
“Mən buna baxmaqda çətinlik çəkirdim. Sosial ofislər boşaldılmışdı. Hərbi ofis yerlə-yeksan edilmişdi. Mənim iş otağım olan yer sadəcə yox olmuşdu”, – deyə Cill yazır.
Onun sözlərinə görə, onu ən çox pərdələrin, mebellərin və ya şəxsi xatirələrin yoxa çıxması deyil, “tarixin simvolik şəkildə məhv edilməsi və institusional yaddaşın kökündən silinməsi” narahat edib.
“Mən ölkənin hər yerində bu bina ilə fəxr edən insanları düşünürdüm. Tikinti texnikasının hər zərbəsində itki hiss edirdim. Şərq qanadının içi hamının gözü önündə idi — sanki nadir və qiymətli bir heyvan ovlanıb öldürülmüşdü”, – deyə keçmiş birinci xanım emosional şəkildə yekunlaşdırıb.