Məlumat mərkəzlərinin tikintisinə qarşı müqavimət artdıqca, İlon Mask və digər texno-milyarderlər gələcəyin həddindən artıq optimist mənzərəsini təqdim edirlər. Lakin ABŞ artıq indi müdafiə mexanizmləri tətbiq etməlidir.
"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" geniş məqalə yazıb.
Amerikalılar getdikcə daha çox narahat olur ki, süni intellekt milyonlarla iş yerini məhv edəcək və yeni daimi aşağı sosial təbəqə yaradacaq. Texnoloji milyarderlər isə hamını sakitləşdirməyə tələsir. Bu bəyanatların mahiyyəti açıqdır: “Xahiş edirik, AI əleyhinə çəngəllərlə küçəyə çıxmayın”.
Hətta "SpaceX"i öz süni intellekt şirkəti ilə birləşdirən İlon Mask belə ictimaiyyəti sakitləşdirmə kampaniyasına qoşulub və mahiyyət etibarilə deyir: “Narahat olmayın, hər şey əla olacaq”. Mask bir müddət əvvəl yazmışdı ki, dövlət ödənişləri formasında “universal yüksək gəlir” süni intellekt səbəbilə işini itirən hər kəsi xilas edəcək.
Onun sözlərinə görə, süni intellekt məhsuldarlığı o qədər artıracaq və elə bolluq yaradacaq ki, inflyasiya yox olacaq və insanlara artıq “10–20 ildən sonra pensiya üçün pul yığmaq” lazım olmayacaq.
“Pensiya üçün yığımlar mənasız olacaq”, - deyə o bildirib.
Bu optimist dalğaya "OpenAI" də qoşulub. Son hesabatında şirkət bildirib: “Süni superintellektin potensialı inanılmazdır… Süni intelelkt elmi və tibbi sıçrayışları sürətləndirəcək, məhsuldarlığı artıracaq, əsas məhsulların ucuzlaşması hesabına ailə xərclərini azaldacaq və iş, yaradıcılıq və sahibkarlığın tam yeni formalarını açacaq”.
Palantir-in milyarder həmtəsisçisi Piter Til də sümi intellekt ilə bağlı qorxuları azaltmağa çalışıb: “Bu, boş şeydən artıqdır, amma cəmiyyətin tam transformasiyasından azdır”. O əlavə edib ki, əgər insanlıq süni intellekti inkişaf etdirməsə, alternativ “tam durğunluq” olacaq.
ABŞ-də məlumat mərkəzlərinin tikintisinə qarşı etirazlar artdığı bir vaxtda Mask və digər milyarderlər insanları AI-dan qorxmamağa və ona qarşı çıxmamağa çağırırlar. Lakin nəzərə alsaq ki, onlar bu texnologiyadan on milyardlarla dollar qazanc əldə etməyi gözləyirlər, bu vədlərə ehtiyatla yanaşmaq lazımdır.
Həqiqi narahatlıq səbəbləri var. "Anthropic" şirkətinin rəhbəri Dario Amodey bildirib ki, süni intellekt yaxın 1–5 il ərzində ilkin ofis işlərinin yarısını məhv edə bilər və işsizlik 20%-ə çata bilər.
"Microsoft"un süni intellekt rəhbəri Mustafa Süleyman isə bildirib ki, ofis işlərinin böyük hissəsi 12–18 ay ərzində tam avtomatlaşdırıla bilər.
Süni intellektin təsiri təkcə iş yerlərinin azalması ilə məhdudlaşmayacaq. O, həm də işçilərin izlənməsi, nəzarət və məhsuldarlığın artırılması üçün təzyiq vasitəsi kimi istifadə oluna bilər.
"Fox News" sorğusuna görə, amerikalıların təxminən üçdə biri süni intellektin növbəti 5 il ərzində işlərini əlindən alacağından qorxur. Lakin Donald Tramp administrasiyası bu təhlükəyə ciddi yanaşmır və süni intellektin inkişafını sürətlə dəstəkləyir.
Xüsusilə əmək bazarına yeni daxil olan gənclər daha çox risk altındadır. Bir çox iqtisadçılar Maskın həddindən artıq optimist proqnozları ilə razılaşmır.
Daha rasional yanaşma Berni Sandersin xəbərdarlıqlarına qulaq asmaqdır. O bildirib ki, süni intellektin on milyonlarla işi əvəz edə bilər və dövlət dərhal müdafiə tədbirləri görməlidir.
Məqalə müəllifi də Sandersin mövqeyini dəstəkləyir və hesab edir ki, ABŞ dərhal sosial müdafiə sistemini gücləndirməlidir.
O təklif olunan tədbirlər:
— universal tibbi sığorta
— “əməkhaqqı sığortası” sistemi
— geniş dövlət məşğulluq proqramı
— təlim və yenidən hazırlıq proqramlarının gücləndirilməsi
— iş həftəsinin 32 saata endirilməsi (maaş saxlanılmaqla)
— ödənişli məzuniyyətlərin məcburi edilməsi
— “universal əsas kapital” sistemi
Əks halda, süni intellekt şirkətləri və milyarderlər istənilən ciddi məhdudiyyətə qarşı çıxacaqlar. Buna görə də müəllif hesab edir ki, işçiləri və cəmiyyəti qorumaq üçün güclü ictimai hərəkat lazımdır.