6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

“Hedonist qaçış zolağı”: Niyə Ceff Bezos və Mark Zukerberq artıq pulla xoşbəxt olmurlar

19-may-2026
“Hedonist qaçış zolağı”: Niyə Ceff Bezos və Mark Zukerberq artıq pulla xoşbəxt olmurlar
Yazı Ölçüsü:

Milyarderlərin sayı yenə artıb. Nə böyük “xoşbəxtlikdir”. Bəs “üç vergüllülər klubu”na üzv olmaq insana nə verir və bu, həm insanın özünü, həm də ətrafındakı dünyanı necə dəyişir?

"PostMedia" xəbər verir ki, bu barədə "Esquire" yazır.

ABŞ-də fəaliyyət göstərən "Berkeley Rand" şirkəti ultra-varlı müştəriləri üçün “avtonom superyaxta səyahətləri” təşkil edir. Onların xidmətlərinə "Miduey" döyüşünün miniatür rekonstruksiyası – barıt qoxusu və göyərtədə top atəşləri ilə birlikdə – və ya Maldiv adalarında 8 saatdan sonra okeanda izsiz yox olacaq tam işlək restoranın 3D çapı daxildir. Şirkətin qurucusu Endryu Qrant Superin "The New Yorker"ə dediyi kimi, bu xidmətlərin əsas auditoriyası “darıxmış milyarderlərdir”.

Əgər müasir supervarlıların ağlasığmaz sərvətini və dünyagörüşünü simvolizə edən bir obraz varsa, o da məhz budur.

Biz həm inanılmaz sərvət, həm də görünməmiş bərabərsizlik dövründə yaşayırıq. Elə bir zamanda ki, bir neçə min insan bəşəriyyətin gələcəyinin açarlarını əlində saxlaya bilər. Milyarderlər erasına xoş gəlmisiniz.

“İndi milyarder olmaq üçün əla zamandır”, – qlobal sərvət sistemi haqqında bir neçə kitabın müəllifi Oliver Bullough deyir. “Supervarlılar üçün pul qazanmaq heç vaxt bu qədər asan olmayıb. Və tarixdə ilk dəfədir ki, heç kim onları buna görə günahkar hiss etdirmir”.

2026-cı ilin aprel ayına olan məlumata görə, Forbes jurnalının hesablamasına əsasən, dünyada 3428 milyarder var. 1987-ci ildə jurnal ilk dəfə zənginlər siyahısını dərc edəndə burada cəmi 140 milyarder vardı. 2017-ci ildə bu rəqəm 2000-i keçdi. Daha səkkiz il sonra isə 3000 həddini aşdı. Təkcə ötən il siyahıya 400 yeni milyarder əlavə olunub.

Planetin ən zəngin on adamından yeddisi sərvətini texnologiya sahəsində qazanıb. Bernard Arnault və ailəsi burada nadir istisnalardan biridir – onlar dəbdəbə sənayesindən gələn sərvətin sahibləridir.

Ən zənginlərin adları artıq ictimai simvollara çevrilib – Elon Musk, Bezos, Zuckerberg. Onlar keçmişin kino ulduzları və rok ikonaları kimi yaşayır və davranırlar.

Lakin ictimai diqqətə baxmayaraq, milyarderlər sinfi faktiki olaraq qapalı qalır. Məqalə müəllifləri həyat tərzləri və baxışları barədə danışmaq üçün 40-dan çox milyarderlə əlaqə saxladıqlarını, amma cəmi bir nəfərdən qeyri-müəyyən cavab aldıqlarını yazırlar.

Bu gün milyarder statusu artıq sadəcə sərvət göstəricisi deyil. Bir çoxları üçün bu, həm də mənəvi və estetik “damğa”dır. Çünki insanı milyarder edən bərabərsizlik, eyni zamanda onu cəmiyyətin bir hissəsi üçün qıcıqlandırıcı və etibarsız fiqura çevirir.

Məqalədə qeyd olunur ki, 2025-ci il yanvarın 20-də ABŞ prezidenti Donald Trump andiçmə mərasimində onun ətrafında Zuckerberg, Bezos, Musk, həmçinin Tim Cook və Sergey Brin dayanmışdı. Bu səhnə müasir plütokratiyanın simvolu kimi təqdim olunur.

“The Haves and Have-Yachts” kitabının müəllifi Evan Osnos yazır ki, Trump administrasiyasında 13 milyarder yüksək vəzifəyə təyin olunub. Onun fikrincə, bu, ABŞ siyasətinin artıq açıq şəkildə plütokratiyanı qəbul etdiyini göstərir.

Sidney Texnologiya Universitetinin professoru Karl Rodes isə etiraf edir ki, onu ən çox təəccübləndirən cəmiyyətin buna ciddi etiraz etməməsidir: “Mən düşünürdüm ki, insanlar artıq çəngəl və dəyənəklərlə küçəyə çıxacaqlar”.

Məqalədə qeyd olunur ki, müasir mədəniyyət milyarderləri həm superqəhrəman, həm də supercani kimi təqdim edir. “Succession” və “Billions” kimi seriallar da bu kultu daha da gücləndirir.

Bununla belə, ifrat sərvətin psixoloji yan təsirləri də var. “Çox sayda bədbəxt zəngin insan görmüşəm”, – “Growing Up Getty” kitabının müəllifi Ceyms Rejinato deyir. Onun fikrincə, böyük sərvət yeni nevrozlar yaradır və mövcud problemləri daha da dərinləşdirir.

2010-cu ildə Psychological Science jurnalında dərc olunan araşdırmaya görə, supervarlı insanlar adi insanlarla müqayisədə daha az empatiya nümayiş etdirməyə meyllidirlər.

Məqalənin əsas anlayışlarından biri “hedonist qaçış zolağı”dır. Bu nəzəriyyəyə görə, insanın xoşbəxtlik həddi zamanla yüksəlir. Yəni adi insan üçün xəyal olan dəbdəbə milyarderlər üçün artıq adi hala çevrilir və onlara sevinc vermir. Nəticədə onlar getdikcə daha güclü emosiyalar və yeni həzzlər axtarmağa başlayırlar.

Məhz buna görə də yüz milyonlarla dollar dəyərində superyaxtalar meydana çıxır. Belə yaxtaların saxlanılması ildə onların qiymətinin təxminən 10%-nə başa gəlir. Financial Times bunu belə təsvir edir: “Superyaxtaya sahib olmaq Van Qoqun 10 tablosunu başının üstündə saxlayaraq suda batmamağa çalışmaq kimidir”.

Məqalədə vurğulanır ki, müasir texnologiya milyarderləri çox vaxt “Dunning-Kruger effekti” nümayiş etdirirlər – yəni bir sahədəki uğurlarını digər bütün sahələrdə də özlərini dahi hesab etmək üçün əsas sayırlar.

Nobel mükafatlı iqtisadçı Joseph Stiglitz isə xəbərdarlıq edib ki, zənginlərlə kasıblar arasındakı dərin uçurum bu əsrdə bəşəriyyətin qarşılaşacağı ən böyük böhranlardan birinə çevrilə bilər.

Və görünür, bu uçurum yaxın zamanda daralmaq fikrində deyil. Fevral ayında yayılan hesabatlardan birinə görə, Elon Muskın 2026-cı ilin sonuna qədər dünyanın ilk trilyonçusu olmaq ehtimalı 75%-dir. Məqalə müəlliflərinin fikrincə, “qaynama nöqtəsi” isə artıq yaxınlaşır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031