Su hövzələrinin kokainlə çirklənməsi vəhşi balıqların davranışına ciddi təsir göstərə bilər.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat “Current Biology” jurnalında dərc olunan yeni araşdırma göstərilib.
Alimlər müəyyən ediblər ki, bu maddələrin təsirinə məruz qalan gənc Atlantik qızılbalıqları adi haldan daha uzun məsafə qət edir və daha aktiv üzürlər. Bu isə onların sağ qalmasına və bütövlükdə ekosistemin strukturuna təsir göstərə bilər.
Təcrübə İsveçdəki "Vattern Lake" gölünün təbii mühitində aparılıb. Tədqiqatçılar 105 ədəd gənc Atlantik qızılbalığını izləyiblər. Onların üzərinə kokain, onun əsas parçalanma məhsulu olan benzoilekqonin və ya neytral maddə buraxan xüsusi cihazlar yerləşdirilib.
Balıqların davranışı 8 həftə ərzində akustik sensorlarla izlənilib. Bu, laboratoriya deyil, real təbii mühitdə nadir məlumatlar əldə etməyə imkan verib.
Nəticələr gözlənilməz olub: benzoilekqoninə məruz qalan balıqlar həftə ərzində 1,9 dəfə daha uzun məsafə qət edib və nəzarət qrupuna nisbətən onlarla kilometr daha uzağa yayılıb. Üstəlik, təsirin zamanla artdığı müşahidə olunub ki, bu da maddənin yığılan təsirə malik olduğunu göstərir.
Maraqlı məqam isə odur ki, kokainin özündən daha güclü təsiri məhz onun parçalanma məhsulu göstərib. Bu fakt mövcud ekoloji qiymətləndirmələrə sual yaradır, çünki adətən yalnız ilkin maddə nəzərə alınır, törəmələr isə diqqətdən kənarda qalır.
Alimlər vurğulayırlar ki, balıqların hərəkətindəki dəyişikliklər sadəcə davranış fərqi deyil. Onların nə qədər və haraya üzməsi qidalanma, yırtıcı təhlükəsi və populyasiyanın formalaşmasına birbaşa təsir edir. Bu parametrlərdəki kiçik dəyişikliklər belə geniş ekoloji nəticələrə səbəb ola bilər.
Çirklənmənin əsas mənbələrindən biri kanalizasiya sistemləridir. Narkotik maddələr istifadə edildikdən sonra onların qalıqları və metabolitləri çirkab sular vasitəsilə çaylara və göllərə düşür. Mövcud təmizləmə sistemləri isə bu maddələri tam aradan qaldıra bilmir.
Bununla belə, tədqiqatçılar qeyd edir ki, aşkar edilən konsentrasiyalar balıq istehlakı baxımından insanlar üçün təhlükə yaratmır.