Milyarder Bil Qeytsin 23 yaşlı qızı Foebe Qeyts sosial şəbəkələrdə mübahisə mövzusuna çevrilib.
"PostMedia" xəbər verir ki, səbəb onun startapının reklamı üçün bloqerə standart ödənişdən daha az məbləğ təklif etməsi olub.
Mübahisə model və yaşam bloqeri Keysi Marqisin paylaşımından sonra başlayıb. O bildirib ki, Qeyts ona startapı reklam etməyi təklif edib, lakin bunun üçün onun adətən aldığı 250 dollar qonorarından daha az ödəniş təklif olunub.
Margisin sözlərinə görə, o, 2025-ci ilin aprelində "Instagram" vasitəsilə Foebe Qeytsdən mesaj alıb. Qeyts mesajında onun məzmununu bəyəndiyini bildirib və yeni startapı "Phiaco" üçün əməkdaşlıq təklif edib.
Mesajda startapın hələ kiçik olduğu və büdcəsinin məhdud olduğu qeyd olunaraq, bloqerdən qiymətlərini göndərməsi xahiş olunub. Marqis isə bildirib ki, onun qiymətləri artıq "Collabstr" platformasında yerləşdirilib və həmin platforma vasitəsilə sifariş verilə bilərdi. Lakin Qeyts platformadan istifadə etmək əvəzinə şəxsi mesajla qiyməti aşağı salmaq üçün danışıqlar aparmağa çalışıb.
Marqisin paylaşımından sonra bir çox istifadəçi onun tərəfini tutaraq Qeytsi tənqid edib. Bəzi istifadəçilər milyarder ailəsindən olan birinin 250 dollar kimi kiçik məbləğə görə qiyməti azaltmağa çalışmasını “imtiyazdan sui-istifadə” kimi qiymətləndiriblər.
Foebe qeyts isə bu hadisə ilə bağlı hələlik açıq şəkildə açıqlama verməyib.
Bu yaxınlarda o, "Yahoo Finance"ın “Opening Bid Unfiltered” podkastında bildirib ki, startapının müstəqil qalması üçün atasından maliyyə dəstəyi qəbul etməyib. Onun sözlərinə görə, atasından aldığı ən vacib dərs komanda işi ilə bağlıdır: “Möhtəşəm komanda olmadan heç nə edə bilməzsiniz.”