Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən gün “Güclü Ermənistan” partiyasının üzvü Aleksan Aleksanyan tərəfindən göstərilən dəbdəbəli malikanənin ona məxsus olduğunu təkzib etməyib.
“PostMedia” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, eyni zamanda Mirzoyan bu məsələ ilə bağlı sərt ifadələr də işlədib.
Onun sözlərinə görə, o vətəndaşlarla görüşüb şəkil çəkdirərkən, “güclü-formalı” və xarici ölkə vətəndaşı olan (özünün təkzib etmədiyi məlumata görə) “Alyoşa” onun evinin divarı yanında şəkil çəkdirib və “qərəzsiz” media da bunu həvəslə yayıb.
Mirzoyan bildirib ki, Ermənistanda vəzifəli şəxslər əmlak bəyannaməsi təqdim edirlər və hər kəs bunun təfərrüatları ilə tanış ola bilər. Onun sözlərinə görə, həmin evi ipoteka krediti ilə alıblar və ilkin ödəniş üçün atasının evinin satışından əldə edilən bütün vəsait istifadə olunub. Nazir vurğulayıb ki, ev talan edilmiş və ya qanunsuz yolla əldə edilən pullarla alınmayıb, hərbçilərin pulsuz əməyindən istifadə olunaraq tikilməyib və enerji şirkətlərinin hesabına başa gəlməyib. O əlavə edib ki, həyat yoldaşının avtomobili də kreditlə alınıb.
Mirzoyan həmçinin qeyd edib ki, məişət texnikasını da Ermənistandakı əksər vətəndaşlar kimi istehlak krediti və ya hissə-hissə ödənişlə alırlar və bunun normal olduğunu bildirib.
Nazir əlavə edib ki, bir dəfə avtomobilini səhv park etdiyinə görə cəriməni vaxtında ödəməyi unudub və Yol Polisi onun bank hesablarına həbs qoyub. Onun sözlərinə görə, həmin səbəbdən bəyəndiyi televizoru kreditlə ala bilməyib. Mirzoyan bildirib ki, belə hadisələrin baş verməsi yalnız həqiqi demokratik ölkədə mümkün ola bilər.
O qeyd edib ki, inqilabdan əvvəl özü və həyat yoldaşı kifayət qədər yüksək maaşlı işlərdə çalışıblar.
Mirzoyan daha sonra bildirib ki, Aleksanyanın onun dostu Rubo ilə evinə görə mərc etmək istədiyini eşidib və bunun düzgün olmadığını deyib. Onun sözlərinə görə, başqasına məxsus əmlaka görə mərc etmək düzgün davranış sayılmır.
Nazir əlavə edib ki, düzgün davranacağı halda “Alyoşa”ya hətta onun jiletinin yanında da şəkil çəkdirməyə icazə verə bilər.
Mirzoyan həmçinin bildirib ki, onun bahalı gödəkcə geyindiyi ilə bağlı “ifşa” ilk dəfə rusdilli bir Telegram kanalında yayımlanıb və bəzi media bunu da həvəslə paylaşıb. O iddia edib ki, bu “ifşanı” edən qız real insan deyil, süni intellektlə yaradılıb. Nazir gödəkcəni brend outlet mağazasından yayılan məlumatlardan qat-qat ucuz qiymətə aldığını qeyd edib.
Sonda Mirzoyan bildirib ki, nə qədər təzyiq göstərilsə və ya yalan məlumatlar yayılsa da, Ermənistanın suveren, demokratik, sülhsevər və inkişaf edən dövlət olaraq qalacağını deyib.
“Yaxşı olacaq, əziz xalqım. Hamınızı sevirəm”, – deyə o əlavə edib.