—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Trump İrana nə vaxt zərbə endirə bilər: dörd ən real ssenari – "Jerusalem Post"

23-fevral-2026
Türkan Nəbi
Trump İrana nə vaxt zərbə endirə bilər: dörd ən real ssenari – "Jerusalem Post"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp həm daxili, həm də beynəlxalq miqyasda ciddi təzyiqlər fonunda, bəlkə də prezidentliyi dövrünün ən ağır qərarı ilə üz-üzədir.
"PostMedia" "Jerusalem Post"a istinadən yazır ki, danışıqlar nəticə verməzsə, ekspertlər İrana mümkün hərbi zərbə ilə bağlı dörd əsas ssenarini önə çəkirlər.

Ssenari 1: Bazar və cümə axşamı arasında

Əgər hərbi zərbə barədə qərar artıq qəbul edilibsə, Tramp bu həftə ərzində İrana hücum edə bilər. Prezident əməliyyatı koordinasiya etmək üçün uyğun anı gözləyə bilər. Cümə axşamı ehtimalı onunla bağlıdır ki, həmin gün İranla yeni danışıqlar planlaşdırılıb. Əgər Tramp Tehranın təklifini yetərli saymasa, zərbə görüşdən dərhal sonra endirilə bilər.

Ssenari 2: Gələn həftənin əvvəli və ya ortası

Bu variant ən real hesab olunur. Keçən həftə Tramp İrana razılaşma əldə etmək üçün iki həftə vaxt vermiş, əks halda hərbi əməliyyatlarla hədələmişdi. Ekspertlər qeyd edirlər ki, Tramp tez-tez müddətləri dəyişir və onları məqsədlərinə çatmaq üçün təzyiq aləti kimi istifadə edir. İranın təklifi yetərli olmazsa, zərbə gələn həftənin əvvəlində və ya ortalarında endirilə bilər.

Ssenari 3: Ramazanın bitməsindən dərhal sonra (19 martdan sonra)

Ramazan ayı martın 19-da başa çatır. Müqəddəs ay ərzində zərbə endirilməsi ABŞ-nin sünni müttəfiqlərinin mövqeyini çətinləşdirə və İrana regiondakı proseslərə kənar müdaxilə ittihamı üçün əsas verə bilər. Ramazandan sonra hücumun təxirə salınması siyasi və strateji riskləri azaltsa da, ABŞ qüvvələrinin bölgədə uzunmüddətli yüksək hazırlıq vəziyyətində saxlanılması bu variantı az ehtimallı edir.

Ssenari 4: Daha uzunmüddətli perspektivdə

Ən az ehtimal olunan ssenari zərbənin uzun müddətə təxirə salınmasıdır. İki aviadaşıyıcı gəmini, onlarla mina axtaran gəmini və yüzlərlə təyyarəni tam döyüş hazırlığında saxlamaq ABŞ-yə milyardlarla dollara başa gəlir. Praktik olaraq, heç kim Trampın martın ortasından sonra belə böyük hərbi qruplaşmanı istifadə etmədən və ya razılaşma olmadan bölgədə saxlayacağını gözləmir.

Ekspertlər hesab edirlər ki, İran danışıqları uzatmaqda ustadır, bu da Trampa “ən yaxşı həlli gözləmək” illüziyası yarada bilər.

İsrailli analitiklər ABŞ zərbəsinə cavab olaraq Tehranın İsrailə hücum edib-etməyəcəyi barədə fərqli fikirlər irəli sürürlər. Zərbə ehtimalı artdıqca, İsrailin ABŞ əməliyyatına qoşulması və İranın cavab addımlarının riski də yüksəlir.

Ekspertlər vurğulayırlar ki, Trampın qərarı istənilən an verilə bilər və mümkün hərbi zərbənin nəticələri region üçün uzunmüddətli təsirlərə malik olacaq.

Kateqoriyalar