—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Göydən yağan ən qəribə 10 şey

23-fevral-2026
Türkan Nəbi
Göydən yağan ən qəribə 10 şey
Yazı Ölçüsü:
1979-cu il fevralın 18-də Əlcəzairin Sahara səhrasında, şəhərlərdən birinin yaxınlığında qar yağıb. Bu, Saharanın həmin hissəsində rəsmi qeydə alınmış ilk qar yağışı olub. Çovğun cəmi 30 dəqiqə davam etsə də, bu, bölgədə nəqliyyatın iflic olması üçün kifayət edib.
"PostMedia" xəbər verir ki, "Focus" saytı göydən Saharadakı qardan da daha qəribə şeylərin yağdığı hadisələrin siyahısını hazırlayıb.
Çiy ət
2012-ci ildə ABŞ-ın Virciniya ştatında göydən bir neçə parça quş əti düşüb və onlardan biri atçılıq dərsi zamanı bir yeniyetmənin başına dəyib. Mütəxəssislərə görə, buna səbəb qartal olub.
1876-cı ildə isə quzğunların qusması nəticəsində maral və ya qoyun əti yağmışdı. Bu hadisə tarixə “Kentukkidə ət yağışı” kimi düşüb.
Balıq
Adətən balıqları su burulğanları göyə qaldıraraq yerə tökür. 2021-ci ildə ABŞ-ın Texas ştatının Texarkana şəhərində, 2010-cu ildə isə Avstraliyanın Lajamanu şəhərində balıq yağışı qeydə alınıb.
Hondurasın Yoro bölgəsində isə hər il mart–iyul aylarında güclü fırtınalardan sonra küçələr yüzlərlə ölü balıqla dolur.
Qan rəngli yağış
2001-ci ildə Hindistanın Kerala ştatında qırmızı rəngli yağış yağıb. Bu hadisə bu günə qədər alimlər üçün sirr olaraq qalır. Bəzi mütəxəssislər bunun qırmızı toz və ya göbələk sporları, bəziləri isə yerüstü olmayan mikroorqanizmlər ola biləcəyini iddia ediblər.
Qurbağalar
2009-cu ildə Yaponiyanın mərkəzində yüzlərlə çömçəquyruq (qurbağa sürfəsi) göydən yağıb. Buna səbəb güclü hava burulğanları olub.
Köpəkbalıqları
2012-ci ildə Cənubi Kaliforniyada qolf meydançasına leopard köpəkbalığı düşüb. Ehtimal edilir ki, onu yırtıcı quş havaya qaldırıb və sonra yerə salıb.
Qurdlar
2011-ci ildə İngiltərənin Koventri şəhərində dərs zamanı şagirdlərin üzərinə 120 ədəddən ibarət qurd topası düşüb. Hadisənin səbəbi hələ də tam aydın deyil.
Qolf topları
1969-cu ildə Floridanın Punta Qorda şəhərinə onlarla qolf topu yağıb. Buna güclü küləklərin qolf meydançalarından topları havaya qaldırması səbəb olub.
Pul
2007-ci ildə Almaniyanın Vorms şəhərində “pul yağışı” baş verib. Bir qadın avtomobilinin güzgüsündə pullardan ibarət “bulud” görüb və yerə düşən əskinasları yığıb polisə təhvil verib. Pulların haradan gəldiyi bu günədək sirr olaraq qalır.
Hörümçəklər
Braziliyanın cənub-şərqində tez-tez hörümçək yağışı müşahidə olunur. Parawixia bistriata növünün gənc fərdləri tor vasitəsilə küləkdən istifadə edərək köç edirlər.
Palçıq
1902-ci ildə ABŞ-ın Pensilvaniya ştatında və həmin il Yeni Zelandiyada palçıqlı yağış qeydə alınıb. Buna güclü toz fırtınasından sonra başlayan yağış səbəb olub.
Kateqoriyalar